Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-909/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 7825,52 ABŞ dolları əsas məbləğ, 5549,17 ABŞ dolları lizinq mükafatı, 923,94 ABŞ dolları dəbbə, cəmi 14298,63 ABŞ dolları borcu və 163 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1958D/14/L saylı X1 Müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən Lənkəran şəhərində, Bakı-Astara magistralında qeyri-yaşayış binasını öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh öz növbəsində 38245,79 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 48 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda X1 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan Lənkəran şəhərində, Bakı- Astara magistralında qeyri-yaşayış binasını Cavabdeh təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X1 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2016-cı il tarixə 7825,52 ABŞ dolları əsas məbləğ, 5549,17 ABŞ dolları lizinq mükafatı, 923,94 ABŞ dolları dəbbə, cəmi 14298,63 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və bildirdi ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə də vermişdir. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1958D/14/L saylı X1 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC Lənkəran şəhərində, Bakı-Astara magistralında qeyri-yaşayış binasını lizinq alanın (Cavabdeh) istifadəsinə vermiş, lizinq alan isə H 38245,79 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 48 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür Həmin X1 Müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi Zamin ilə 08 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan Lənkəran şəhərində, Bakı-Astara magistralında qeyri-yaşayış binası Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Bakı-Astara magistralında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 85,2 kv.m olan qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixdə **********68-06301 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə "xxxx" Lizinq Şirkəti QSC-nin adına qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək lizinq ödənişlərini (ümumilikdə 57,736.78 ABŞ dolları) ödəməyi üzərinə götürmüşdür. 01 noyabr 2022-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Lizinq Şirkəti QSC-yə 7825,52 ABŞ dolları əsas məbləğ, 5549,17 ABŞ dolları lizinq mükafatı, 923,94 ABŞ dolları dəbbə, cəmi 14298,63 ABŞ dolları borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 163 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarıdır ki, lizinq alan lizinq ödənişlərini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Lakin bununla belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqi barədə isə Cavabdeh tərəfindən ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2, 373.3 və 377.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, iddiaçının cavabdehlə bağladığı lizinq müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2018-ci il tarix müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Halbuki mövcud vəziyyətdə iddiaçı xx.xx.2021-ci il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi, Cavabdeh baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına əsaslanaraq hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-909/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-909/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver