Məhkəmə qərarları › İş №e-2(049)-924/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-924/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-924/2024 22.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1232,60 manat pul vəsaitinin və 32,32 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən VAZ 11174 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Lənkəran şəhəri ərazisində **-AR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz V250 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Lənkəran şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və AR İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. Mercedes Benz V250 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1232,60 (bir min iki yüz otuz iki, 60 qəpik) manat ödənişi verilmişdir. Hadisə zamanı sürücü hadisə yerindən yayındığı üçün iddiaçının subroqasiya hüququ yaranmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin iddia icraatı qaydasında araşdırılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qisməjn qəbul edir. Hesab edir ki, Mercedes Benz V250 markalı avtomobilin arxa işıqları iddiada göstərildiyi kimi deyil, onun təqdim etdiyi arayışda göstərildiyi kimi 150 manat təşkil edir. Buna görə də, iddia 150 manat məbləği hissədə təmin edilə bilər. Eyni zamanda, onun hadisədən ümumiyyətlə xəbəri olmamış, sonradan bilmişdir ki, öz avtomobili ilə digər avtomobili vurmuşdur. O, hadisə zamanı avtomobilin arxa sol işığını zədələdiyini bilsəydi hadisə yerində dayanardı. Göstərilənlərə əsasən, iddianın qismən, yəni 150 manat məbləğində təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən VAZ 11174 minik markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də sığortalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış inzibati xəta haqqında protokol və materiallardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində, saat 15.40-da Cavabdeh tərəfindən idarə edilən VAZ11174 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhəri ərazisində **-AR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz V250 markalı avtomobili ilə toqquşmuş, və sonuncu avtomobilin arxa sol işığı zədələnmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, həmin protokol Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli, TP ******* qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-cü il tarixli "xxxx" ASC-nin dəymiş zərərlə bağlı diqmətləndirilməsinə dair hesabatdan görünür ki, Mercedes Benz V250 markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1232,60 manat məbləğ hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 1232.60 manat məbləğində pul "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan və məhkəmə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 32,32 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mercedes Viano markalı mikroavtobusun arxa sol fonarı indiki bazar qiyməti 150 manat məbləğindədir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 046/24 nömrəli məktubundan görünür ki, 2021-ci il buraxılışlı, Mercedes Benz V250 markalı V-classe 250 AVGL (long) modelli avtomobilin sol arxa işıq zolağının (fara) qiyməti 894 manat təşkil edir, həmin detalın yararsız hala düşdükdə yenisi ilə əvəz olunması üçün təmir haqqı isə 28 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 dekabr 2022-ci il tarixdə saat 15:40 radələrində «VAZ 11174» minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.6 və 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-AR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz V250 markalı avtomobilə zərər vurulmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına ə ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ həddən artıq yüksək məbləğ olduğu üçün iddia məhkəmənin sorğusuna əsasən müəyyən edilmiş məbləğdə, yəni 922 (894+28)manat məbləğində təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, həm iddiaçının, həm də cavabdehin dəymiş zərərə dair təqdim etdiyi məktubları iş üzrə subyektiv qiymətləndirmə kimi qəbul edib sübut qismində qəbul etməməklə neytral olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 046/24 nömrəli məktubunu əsas götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edildiyi hissəyə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 922 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar