Məhkəmə qərarları › İş №e-2(050)-121/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-121/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-121/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə. İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi zərər tələbinə dair iddia ərizələri üzrə mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 112,52 manat əsas, 11,48 manat cərimə, cəmi 124 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin “«BLACKVİEW A70»” markalı telefonu geri qəbl edərək ödənilmiş 267 manat krediti, 50 manat zəmanət ödənişini geri qaytarması, maddi zərərə görə 100 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********64189 «BLACKVİEW A70» markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 379.84 manat (12 ay x 29.32 manat + 28 manat ilkin ödəniş) olan İMEİ KOD **********64189 «BLACKVİEW A70» markalı telefon üçün ümumilikdə, 124 manat olmaqla, ondan 112.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.48 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 267.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqavilə əsasında qızıl zəmanət ilə A70 markalı telefon almışdır. A70 markalı telefon ilk gündən istifadəyə yararsız olmuşdur. Aldığı A70 markalı telefonun qızıl zəmanətinə əsasən telefonu ilk gündən istifadəyə yararsız olduğu üçün satıcıya qaytararaq bildirmişdir ki, aldığı A70 markalı telefon cihazı enerji yığmır. A70 markalı telefonda yaranmış qüsur aradan qaldırılması üçün 3 dəfə satıcı tərəfindən qızıl zəmanətə əsasən servisə göndərilmiş lakin telefon cihazının qüsuru aradan qaldırılmamışdır. Dəfələrlə satıcıdan telefonun başqa telefonla əvəz edilməsini və ya telefonu geri qaytararaq ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, nə telefon başqa telefonla əvəz edilmiş, nə də telefon geri götürülərək ödədiyi pul geri qaytarılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı A70 markalı telefona görə dəfələrlə satıcının ünvanına gəlib getməyə əlavə 100 manat yol pulu xərcləyərək pisxoloji sarsıntı keçirmişdir. Ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ümumi borcundan 267 manat ödəmiş, 112.52 manat əsas borcu, 11.48 manat cərimə borcu qalmışdır. Telefon mart ayında alınmış, lakin onun işlək olmamasına dair iyun ayında müraciət edilmişdir. Həmçinin cihazdakı qüsurlar texniki servis tərəfindən təmir edilərək müştəriyə geri qaytarılmışdır. Hesab edir ki, ilk iddia tələbi təmin , qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildiriidi ki, o, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli müqavilə əsasında qızıl zəmanət ilə A70 markalı telefon almışdır. A70 markalı telefon ilk gündən istifadəyə yararsız olmuşdur. Aldığı A70 markalı telefonun qızıl zəmanətinə əsasən telefonun ilk gündən istifadəyə yararsız olduğu üçün satıcıya qaytararaq bildirmişdir ki, aldığı A70 markalı telefon cihazı enerji yığmır. A70 markalı telefonda yaranmış qüsur aradan qaldırılması üçün 3 dəfə aldığı A70 markalı telefon enerji yığmadığı üçün satıcı tərəfindən qızıl zəmanətə əsasən servisə göndərilmiş lakin telefon cihazının qüsuru aradan qaldırılmamışdır. Dəfələrlə satıcıdan telefonun başqa telefonla əvəz edilməsini və ya telefonu geri qaytararaq ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, nə telefon başqa telefonla əvəz edilmiş, nə də telefonu geri götürüb ödədiyi pulu geri qaytarmışlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı A70 markalı telefona görə dəfələrlə satıcının ünvanına gəlib getməyə əlavə yol pulu xərcləyərək pisxoloji sarsıntı keçirmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli aramızda bağlanmış müqavilə və qızıl zəmanətin şərtləri iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 03991019 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh «BLACKVİEW A70» markalı telefon verilmişdir. İşdə olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 03991019 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMCnin əmlakı hesab olunması izah edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 112,52 manat əsas, 11,48 manat cərimə, cəmi 124 manat borcu yaranmışdır. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Texniki vəziyyət barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə satılmış «BLACKVİEW A70» markalı telefonla bağlı 3 dəfə ayrı-ayrı vaxtlarda "xxxx" MMC-yə cihazın qüsurlu olmasına dair müraciət edilmiş və cihaz müxtəlif hissələri dəyişdirilməklə təmir edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ilk iddiatələbi əsassız, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında İMEİ KOD **********64189 «BLACKVİEW A70» markalı telefonun alğı-satqısı ilə bağlı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə qiyməti, yəni malın dəyəri 379,84 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışı, həmçinin tərəflərin izahatları ilə müəyyən edilir ki, müqavilə üzrə Cavabdeh tərəfindən 267,32 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.2- ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 587.2., 587.2.1, 587.2.2, 587.2.4, 587.2.5-ci maddəslərinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Göstərilən maddi normalara əsasən ilk və qarşılılıqlı iddiaların əsaslarını təhlil edərək, həmçinin iş materiallarında olan sübutları qiymətləndirərək məhkəmə qeyd edir ki, Cavabdeh satıcı tərəfindən qüsurlu malın verilməsi müəyyən olunur. Belə ki, xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlandıqdan sonra 3 dəfə ayrı-ayrı vaxtlarda cihazın istifadəyə yararlı olmaması səbəbindən texniki servisə verilməsi üçün alıcıya müraciət edilmişdir. Həmçinin texniki servis göstərilməsinə baxmayaraq cihazdakı nasazlıq aradan qaldırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, müqavilə predmeti olan telefon alıcı kimi Cavabdeh gözləntilərinə uyğun olmamış, o aldığı əşyadan yararlana, onu istifadə edə bilməmişdir. Həmçinin satıcı "xxxx" MMC alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşyanı təhvil vermək öhdəliyini lazımınca icra etməmişdir. Belə olduqda məhkəmə hesab edir ki, İMEİ KOD **********64189 «BLACKVİEW A70» markalı telefon "xxxx" MMCyə geri qaytarılmalı, telefon üçün ödənilmiş məbləğ 267,32 manat "xxxx" MMC tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Məhkəmə müqavilənin vaxtından əvvəl ləğv olunması tələbinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli müqavilədir. Satıcı müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş və alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşyanı təhvil verməmişdir. Belə olan halda alıcının öhdəliyin qalan hissəsinin icrasına marağı itmişdir və o, müqavilə öhdəliyinin davam etməsindən imtina etməsində haqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur” Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən qarşılıqlı iddiaçı daha öncə qarşılıqlı iddia üzrə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş ziyanın əmələ gəlməsini sübut etməlidir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ona maddi və mənəvi ziyan dəyməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması ilə müəyyən edilmiş işin halları ilə iddiada göstərilən hallar təsdiq olunmamışdır. Bundan əlavə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi hallar da sübuta yetirilməmişdir. Ona görə də məhkəmə qarşılıqlı iddianı maddi və mənəvi zərər hissəsində əsassız hesab edir. Məhkəməyə 50 manat zəmanət ödənişinə dair Cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən, məhkəmə bu hissədə də iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia rədd edilsin. İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03991019 nömrəli müqavilə ləğv edilsin. İMEİ KOD **********64189 «BLACKVİEW A70» markalı telefon Cavabdeh tərəfindən "xxxx" MMC-yə geri qaytarılsın. Telefon üçün ödənilmiş 267 manat məbləğində pul və 30 manat dövlət rüsumu "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar