Məhkəmə qərarları › İş №e-2(050)-1235/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1235/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1235/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеh Cavabdeh 1860 manat əsas pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 39 manat, ümumilikdə 1899 ( bir min səkkiz yüz doxsan doqquz) manat pul vəsaitinin iddiaçı "AZSİĞORTA“ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 17:30-da "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi üzrə sığorta təminatı almış “Opel Astra” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası şəhadətnaməsi ilə sığorta təminatı almış “Lada Vesta” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş və Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək AR İXM-nın 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan (Forma 4-dən) görünür ki, Cavabdeh öz mülkiyyətində və istifadəsində olan avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin № 3(049)-1414/2023 saylı iş üzrə xx.xx.2023-cü ildə qəbul etdiyi qərarla Cavabdeh yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsinə görə 6 (altı) ay sürücülük hüququ məhdudlaşdırılaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində AZ/MİL/22/4019/043 saylı sığorta şəhadətnaməsinə və CM-0041/2023-AKT94/24 saylı sığorta aktına əsasən “Lada Vesta” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı İddiaçı ASC tərəfindən 6710 (altı min yeddi yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən "xxxx" ASC-dən 5000 (beş min) manat məbləğində pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Beləliklə "xxxx" ASC tərəfindən sığorta hadisəsinə görə sığorta ödənişinin 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində hissəsi zərərvuran “Opel-Astra” minik markalı, ** KD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ/MİL/22/4019/043 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi İddiaçı ASC-də sığortalamışdır. İş materiallarında olan CM-0041/2023-AKT/24 nömrəli sığorta aktından görünür ki, “Lada Vesta” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 6710 manat müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh Salman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 3(049)-1414/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətə məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən 6710 manat pul zərəçəkmiş şəxs X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli ilə “Lada Vesta” markalı ** PR *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, zərər iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş, ödənişi vermiş sığortaçının isə haqlı olaraq subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38 (otuz səkkiz) manat 70 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1860 manat sığorta məbləği və 39 manat dövlət rüsumu, cəmi 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar