Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1263/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1351 manat əsas, 410 manat cərimə, cəmi 1761 manat məbləğində borcun və ödənilmiş 37.61 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixli, WP 0142 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 1 ədəd 1792 manat dəyərində mirvari yataq dəsti,1 ədəd 209 manat dəyərində yuxu döşək olmaqla ümumi dəyəri 2001 manat təşkil edən mebel dəstini təhviltəslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən 200 manat ilkin ödəniş edilmişdir. Alınmış mal üçün 11 ay müddətinə hər ay 150 manat, sonuncu 1 ay isə 151 manat olmaqla 12 ay müddətinə ödənilməli idi. Lakin növbəti ödəniş vaxtı 25 noyabr 2022ci il tarix olmasına baxmayaraq, cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 1351 manat borcu yaranmışdır. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. Ona görə də məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. 11 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, "xxxx" MMC-yə 1351 manat əsas borcunun olduğunu, cərimə məbləğinin azaldılmasını xahiş etmiş və maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, WP 0142 saylı nisyə alğı-satqı müqaviləsindən və təhvil-təslim aktınndan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 1 ədəd 1792 manat dəyərində mirvari yataq dəsti, 1 ədəd 209 manat dəyərində yuxu döşək olmaqla ümumi dəyəri 2001 manat təşkil edən mebel dəsti verilmişdir. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin olaraq 200 manat ödəniş etmişdir. Almış olduğu məhsul üçün 12 ay müddətinə hər ay 150 manat, sonuncu ay isə 151 manat ödənilməlidir. Bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Dalğa-94 MMC məhkəmədə iddia qaldırmaq üçün 37.61 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1351 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 410 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 410 manat məbləğində dəbbə pulu azaldılaraq 41 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1351 manat əsas borc, 41 manat cərimə, cəmi 1392 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37.61 manat dövlət rüsumunun 33.92 manatı Cavabdeh, 3.69 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1351 manat əsas borc, 41 manat cərimə, cəmi 1392 manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş 37.61 manat məbləğində pul vəsaitinin 33.92 manat məbləğində hissəsi Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1263/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1263/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver