Məhkəmə qərarları › İş №e-2(050)-1331/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1331/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1331/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3 və Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hoffmann LED” markalı televizor və “Electrolux” markalı paltaryuyan üçün 718 manat ödənilməmiş hissə, 71 manat cərimə, ümumilikdə 789 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti olduğu üçün işə iddia icraata qaydasında baxılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Hoffmann” Led Tv, “Electrolux” markalı paltaryuyan almış və nəticədə 789 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1524.6 manat (18 ay x 84.7 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” Led Tv, “Electrolux” markalı paltaryuyan üçün ümumilikdə 789 manat olmaqla, ondan 718 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 806.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, öhdəliklərin lazımınca icra edilməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alıcı aldığı əşyalara görə hər ay 84.7 manat ödəməli olduğu halda öhdəliyinə əməl etməyərək, hər ay müəyyən olunmuş məbləğdən az ödəniş etmişdir. Alıcı aldığı hər hansı bir əşyanı müəyyən bir müddətdən sonra geri qaytarmaq istəyərsə, satıcı həmin əşyanı qiymətləndirərək, geri götürə bilər. Satılmış əşyalar alıcıdadır. Cavabdeh tərəfindən müqaviləyə əsasən edilmiş bütün ödənişlər işə əlavə edilmişdir. Əgər həmin ödənişlərdən başqa cavabdehin ödəniş barədə hər hansı bir sübutu varsa onu məhkəməyə təqdim etsin. Sonda Nümayəndə3 iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 Nümayəndə3 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hoffmann” Led Tv və “Electrolux” markalı paltaryuyan almışdır. İddiaçıya 400 manat borcu qalmışdır. Sübutu yoxdur. Televizoru götürürlər götürsünlər. Sonda Cavabdeh iddianın qismən təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli, 20124973 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 1524.6 manat olan “Hoffmann LED” markalı televizor və “Electrolux” markalı paltaryuyan hissə-hissə, yəni 18 ay müddətində hər ay 84.7 manat ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə və müqaviləyə aid sənədlərdə “Razıyam. Tanış oldum. Cavabdeh və qarşısında imza” kimi qeydlər icra edilmişdir. Müqavilədə ödənişlər üzrə gecikmələr olduğu halda penya ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 20124973 saylı müqaviləyə əsasən edilmiş ödənişlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 40.9 manat, xx.xx.2020-ci il tarixdə 43.8 manat, xx.xx.2020-ci il tarixdə 44 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2020-ci il tarixdə 40.9 manat, xx.xx.2020-ci il tarixdə 22.14 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2020-ci il tarixdə 40.9 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2020-ci il tarixdə 40.90 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2020-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41,04 manat, xx.xx.2021-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41 manat, xx.xx.2021-ci il tarixdə 41 manat ödəniş etmiş, borc 718.02 manat təşkil edir. 18 mart 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 24 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 718 manat əsas, 71 manat cərimə, cəmi 789 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 20124973 saylı müqavilədən görünür ki, alğı-satqı qiyməti 1524.6 manat olan “Hoffmann LED” markalı televizor və “Electrolux” markalı paltaryuyan hissə-hissə, yəni 18 ay müddətində hər ay 84.7 manat ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməyərək, aylıq ödənişlərində müəyyənləşdirilmiş məbləğdən az ödəniş etmiş, müqavilə müddəti bitməsinə baxmayaraq, aldığı əşyaların dəyərini tam şəkildə ödəməmiş, satılmış əşyalar alıcıdadır və onun müqavilə üzrə ödənilməmiş 718.02 manat əsas borcu var. Müqavilədə ödənişlər üzrə gecikmələr olduğu halda penya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə borcunu qismən qəbul edərək, 400 manat məbləğində borcu olduğunu bildirsədə, qalan borcun ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı isə təqdim edilmiş sübutlar ilə onun ödənilməmiş 718.02 manat əsas borcu olmasını sübuta yetirmişdir. Halbuki, iddiaçı mülki işə iddia icraatı qaydasında baxılması barədə ərizəsində yuxarıda qeyd edilən məsələ ilə bağlı sübutları olduğunu və onları məhkəməyə təqdim edəcəyini göstərmişdir. Məhkəmə iclasında həmin məsələ araşdırılmış və o, heç bir sübutu olmadığını bildirmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn cərimə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə azaldılaraq 7.1 manat saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hoffmann LED” markalı televizor və “Electrolux” markalı paltaryuyan üçün 718 manat ödənilməmiş hissə, 7.1 manat cərimə, cəmi 725.1 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Hoffmann LED” markalı televizor və “Electrolux” markalı paltaryuyan üçün 718 manat ödənilməmiş hissə, 7.1 manat cərimə, cəmi 725.1 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar