Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1385/2023 19.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 457.9 manat əsas borc, 68.6 manat cərimə, cəmi 526.5 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin 05 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2022-ci il tarixli, ********* saylı (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı telefona görə 06 ay ödəniş cədvəli üzrə hər ay 92 manat olmaqla, cəmi 549.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 09 fevral 2023-cü il tarixinə yaranmış 21 iyun 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 457.9 əsas, 68.6 cərimə, ümumilikdə 526.5 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı MMC-dən kreditə “Samsung A336” markalı telefon götürmüş, lakin götürdüyü telefon qüsurlu çıxmışdır. Bununla bağlı İddiaçı MMC-yə müraciət etmiş, rəy verilmişdir ki, telefonda olan qüsur onun təqsiri nəticəsində yaranmışdır. Lakin o, telefona heç bir kənar təsir etməmişdir. Həmin telefon hal-hazırda onda olsa da, işləmir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 21 iyun 2022-ci il tarixli, ********* saylı (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “Samsung A336” markalı telefon verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 09 fevral 2023-cü il tarixə İddiaçı MMC-yə 457.9 manat əsas, 686 manat cərimə, cəmi 1143.90 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borc ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 04 avqust 2022-ci il tarixli, HHP35162 nömrəli texniki rəydən görünür ki, müştəri Cavabdeh satılmış “Samsunq” markalı, “SM-A336” model mobil telefonda “Telefon öz-özünə əyilir, ekran şişir” qüsuru müəyyən edilmiş, qüsurun səbəbi “Cihazda mexaniki təsir izləri aşkar edilib”, nəticə isə “Təqdim olunmuş telefon aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündəndir” qeyd olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2022-ci il tarixli, ********* saylı (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı telefona görə 06 ay ödəniş cədvəli üzrə hər ay 92 manat olmaqla, cəmi 549.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin 09 fevral 2023-cü il tarixədək İddiaçı MMC-nə 457.9 manat əsas, 68.6 manat cərimə, cəmi 526.5 manat borcu yaranmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası MM-nin 600.1.-600.4.-cü maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1. və 601.2.-ci maddələrinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında hissə-hissə ödənilməsi şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, həmin müqavilə üzrə cavabdeh nisyə aldığı məişət əşyalarının müqavilədə göstərilən müddət ərzində ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini layiqincə icra etməmişdir. Nəticədə cavabdehin 457.9 manat əsas, 68.6 manat cərimə, cəmi 526.5 manat yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehdən 20 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə cavabdehin etirazına münasibər bildirərək qeyd edir ki, onun etirazı 04 avqust 2022-ci il tarixli, HHP35162 nömrəli texniki rəylə təkzib olunur. Belə ki, həmin rəyə əsasən telefon texniki baxışdan keçirilmiş və telefonda “Telefon öz-özünə əyilir, ekran şişir” qüsuru müəyyən edilmiş, qüsurun səbəbi “Cihazda mexaniki təsir izləri aşkar edilib”, nəticə isə “Təqdim olunmuş telefon aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündəndir” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 457.9 manat əsas borc, 68.6 manat cərimə, cəmi 526.5 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 457.90 manat əsas borc, 20 manat cərimə, cəmi 477,90 manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-1385/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1385/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver