Məhkəmə qərarları › İş №e-2(050)-1538/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1538/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1538/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka dəyən zərərə görə ödənilmiş 700 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 730 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Ford Transit” markalı, 10LO279 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Sənaye Sığorta» ASC-də sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran şəhəri, Füzuli küçəsi ərazisində sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən “Vaz 21150” markalı, 50DG042 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Lənkəran ŞRPŞ-nın X1 vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından və Lənkəran ŞRPŞ-nın Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Vurğun Məmmədovun xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 2021-ci ilin 06 oktyabr tarixində Lənkəran şəhəri, Fizuli küçəsi ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Vaz 21150” markalı, 50DG042 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Azərbaycan Sənaye Sığorta» ASC sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 700 manat məbləğində müəyyən edilmişdir. Bundan öncə cavabdehə zərər məbləğinin qiymətləndirilməsində iştirak etmək üçün servis mərkəzinə yaxınlaşmalı olması, gəlmədiyi və hərəkətsizlik edəcəyi təqdirdə susmasının zərər məbləği ilə razılaşması kimi qəbul ediləcəyi izah olunmuşdur. Bu ödəniş xx.xx.2021-ci il tarixli, İ-1638/21 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli, **********1 saylı ödəniş tapşırıqında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxslərə ödənilmiş 700 manat məbləğ cavabdeh tərəfindən Azərbaycan Sənaye Sığorta» ASC-yə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/071 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə əsasən "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC-nin baş hüquqşünası Sabutay Nəsirov məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və onun təqsiri nəticədə “Vaz 21150” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hazırda maddi imkanı zəif olduğundan ondan tələb olunan məbləği tam ödəmək iqtidarında deyil. Ona görə də məhkəmədən həmin məbləği hissə-hissə ödəməyə köməklik göstərilməsini xahiş etdi. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli yekun aktdan görünür ki, “Lada 2115” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin əvəz olunması və təmir işlərinin aparılmasının ümumi dəyəri 700 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1-1638/21 saylı Sığorta ödəniş aktından görünür ki, “Ford Transit” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2021-ci il tarixdə Lənkəran şəhəri, Fizuli küçəsində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Vaz 21150” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 700 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 700 manat məbləğində pul vəsaiti X2 hesabına ödənilmişdir. Lənkəran Şəhər Rayon X5 Bölməsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh və X4 əməlində Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 3 (049)-999/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnməş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxslərin üzərinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli ilə “Vaz 21150” markalı, 50 DG0 42 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, zərər iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş, ödənişi vermiş sığortaçının isə haqlı olaraq subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 700 manat sığorta məbləği və 30 manat dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 700 manat sığorta məbləği və 30 manat dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar