Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1591/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-798- AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən götürülərək iddiaçıya məxsus rəsmi servis mərkəzinə gətirilmişdir. Avtomobil servis mərkəzinə gətirildikdən sonra ona əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin ümumi dəyəri 544,60 manat təşkil etmişdir. Eyni zamanda, B-798-AAE-23 nömrəli alğısatqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 3321 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 996 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-798- AAE-23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İddiaçının tələbi: Cavabdeh xx.xx.2023-cü il tarixli, B-798-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3321 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 996 manat dəbbə pulu, “Changan F70” markalı, **-AK-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 544,60 manat olmaqla, ümumilikdə 4.861,60 (dörd min səkkiz yüz altmış bir manat, 60 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 87,24 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 69,49 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclaslarının nümayəndənin iştirak olmadan keçirilməsini və iddianı təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı tam etiraf etməsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Avtomobil onun adına götürülsə də, dayısının istifadəsində olmuşdur. Lakin müqavilə onunla bağlandığından müqavilə üzrə öhdəliklərin icrası üçün məsul şəxs olduğunu bilir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli, B-798-AAE-23 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, “Changan F70” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməli, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməlidir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cəmiyyətlə onun arasında xx.xx.2023 cü il tarixində Avtomobil alqısatqısı üzrə B-798-AAE-23 nömrəli müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 70.810 manat müəyyən edilən CHANGAN F70, modelli, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2GXPG728899) avtonəqliyyat vasitəsi istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 4.390 (dörd min üç yüz doxsan) manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.420 (altmış altı min dörd yüz iyirmi) Azərbaycan manatı məbləği isə xx.xx.2023 -cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.107 (bir min yüz yeddi) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, xx.xx.2024-cü il tarixindən etibarən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilməsi məsələsi ilə bağlı dəfələrlə yazılı və şifahi Xəbərdarlıqlar edilmişdir. Lakin, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, İddiaçı MMC-nin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanları əsasən xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023 -cü il tarixli, B-798-AAE- 23 №-li “Avtomobil alqı-satqısı” üzrə Müqaviləyə Cəmiyyət tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Təmir sifarişi və icra edilmiş xidmətlərə dair aktdan görünür ki, avtomobilin əvvəlki vəziyyətə gətirilməsinə çəkilmiş xərclərin ümumi dəyəri 544,60 manat təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh 3321 manat gecikdirilən məbləğ üçün, 996 manat qalıq cərimə borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 69,49 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 399.4-cü maddəsinə əsasənmüqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən,tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 447.5-ci maddəsinə əsasən,bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 567-ci maddəsinə əsasən,alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) öhdəsinə götürür. 600.5-ci maddəsinə əsasənalıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə avtomobil alğı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malın dəyərini ödəməli olduğu halda, xx.xx.2024-cü il tarixdən etibarən müqavilə üzrə ödənişləri dayandırmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərin icrası yerinə yetirilmədiyindən xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixli, B-798-AAE-23 №-li “Avtomobil alqı-satqısı” üzrə Müqaviləyə Cəmiyyət tərəfindən birtərəfli qaydada xitam verilmiş, buna dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda tərəflər arasında müqaviləyə xitam verilsə də, cavabdehin alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddət üzrə icra edilməmiş öhdəliklərinə görə 3321 manat əsas borc, 996 manat dəbbə pulu, avtomobilə dəymiş zərərə görə 544,60 manat, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 87,24 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 996 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb olmaqla yanaşı, borclu şəxsin mülkiyyətinə müdaxilə ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 400 manat həcmində tutulmasını daha ədalətli hesab edərək iddia tələbinin qalan hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 69,49 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-798-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3321 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 400 manat dəbbə pulu, avtomobilə dəymiş zərərə görə 544,60 manat, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 87,24 manat pul vəsaiti alınaraq, İddiaçı MMC-yə ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş 69,49 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiya alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-1591/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1591/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver