Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1982/2025 07.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 980 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Salamzadə küçəsi ərazisində Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Transit 350L” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Hadisə zamanı “Ford Transit 350L” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olsada, Cavabdeh2 hüququ olmadan idarə etmiş və hadisə yerindən yayınmışdır. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmişTP5085565 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) həmçinin, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 980 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA112387/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 980 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Ford Transit 350L” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, 1860 saylı qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 980 manat ziyan hesablanmışdır. PXA112387 nömrəli sığorta aktından görünür ki, “Ford Transit 350L” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Salamzadə küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmişdir və zərərin məbləği 980 manat hesablanmışdır. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynov X2 Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarı mövcuddur. Plenum qərarının təsviri hissəsində Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin (yüksək təhlükə mənbəyinin) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətini qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri olduğunu hesab etmişdir. Plenum qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Qərarın nəticə hissəsində isə yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıdığı müəyyən edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hallarda yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti istisna edilmişdir. Bu cür hallarda mülki məsuliyyətin yaranması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmədiyi öz təsdiqini tapmalıdır. Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı formada əsaslandırmışdır: “Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.” İşin araşdırılması zamanı müəyyən edildi ki, “Ford Transit 350L” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsirli hərərkəti nəticəsində 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Salamzadə küçəsi ərazisində yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 980 manat ziyan dəymişdir. “Ford Transit 350L” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etsə də, avtomobil Cavabdeh1 mülkiyyətindədir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə 980 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin 980 manat pulu subroqasiya qaydasında cavabdehlərdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlər rüsumu cavabdehlərə müştərək qaydada aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 980 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-1982/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1982/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver