Məhkəmə qərarları › İş №e-2(050)-2009/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2009/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2009/2023 01.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1225 manat əsas borcun, 300 manat cərimə borcunun, cəmi 1525 manat məbləğində pulun və ödənilmiş 35,25 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında WP 0082 saylı, 13 may 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1 ədəd 236 (iki yuz otuz altı) manat dəyərində X1 Çarpayı Bazalı, 2 ədəd 400 (dörd yüz) manat dəyərində Yuxu Döşək 900*2000, 1 ədəd 900 (doqquz yüz) manat dəyərində X2 təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən 200 (iki yüz) manat ilkin ödəniş edilmişdir. Almış olduğu məhsul üçün 11 ay müddətinə hər ay 111 (yüz on bir) manat və sonuncu 1 ay isə 115 (yüz on beş) manat olmaqla 12 ay müddətinə ödənilməli idi. Cavabdeh tərəfindən xx.xx.2022 ci il tarixindən bağlanmış müqaviləyə əsasən hesaba 111 manat ödəniş olmuşdur. Lakin, növbəti ödəniş vaxtı xx.xx.2022-ci il tarix olmasına baxmayaraq məhsulda yaranan probemlə əlaqədar haqlı gecikmə səbəbi fabrik tərəfindən nəzərə alınmış, xx.xx.2023 tarixində problem aradan qaldırılmasına baxmayaraq cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 1225 (bir min iki yüz iyirmi beş) manat borcu əmələ gəlmişdir. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrindən ibarətdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. İddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli, WP 0082 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh 1 ədəd dəyəri 236 manat olan X1 Çarpayı Bazalı, 2 ədəd dəyəri 200 manat olan Yuxu Döşək 900*2000 və 1 ədəd dəyəri 900 manat X2 nisyə satmağı, alıcı isə malı qəbul edib, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" MMC-yə olan borcunu ödəməmişdir. Halbuki, 13 may 2022-ci il tarixli, WP 0082 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıya olan burcunu müqaviləyə əlavə olunmuş cədvələ uyğun vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşya üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə cərimə pulunun miqdarı 50 (əlli) manat həddinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat 25 qəpik dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1225 manat, cərimə borcuna görə 50 manat və dövlət rüsumuna görə 35,25 manat olmaqla, cəmi 1310 (bir min üç yüz on) manat 25 qəpik məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar