Məhkəmə qərarları › İş №e-2(050)-2133/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2133/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2133/2025 19.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 00:50 radələrində Cavabdeh2 məxsus, Cavabdeh3 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 318” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı, **-BV-***, “Opel Astra” markalı, **- BY-*** və “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə avtomobillərə maddi zərər dəymiş və sonuncu avtomobilin sürücüsü X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 3(005)-2260/2022 saylı qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5088243 № saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən isə, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilmişdir. Tərtib olunmuş qüsur aktlarında göstərilmişdir ki, “Opel Astra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 495 (dörd yüz doxsan beş) manat, “Opel Astra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2445 (iki min dörd yüz qırx beş) manat, “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 4105 (dörd min bir yüz beş) manat məbləğində təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 (beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə proporsionallıq nəzərə alınmaqla, PXA112464 saylı sığorta aktı tərtib edilməklə 351,32 (üç yüzəlli bir manat, otuz iki qəpik ) manat, PXA112462 saylı sığorta aktı tərtib edilməklə 2913,41 (iki min doqquz yüz on üç manat, qırx bir qəpik) manat, PXA112463 saylı sığorta aktı tərtib edilməklə isə 1735,27 (bir min yeddi yüz otuz beş manat, iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, PXA112465 saylı sığorta aktı tərtib edilməklə X1 dəymiş zərərə görə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi ödənilmişdir. (ümumilikdə 5750 (beş min yeddi yüz əlli) manat) Sığortalanmış “BMW 318” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuş, istifadə hüququ isə Cavabdeh1 verilmiş və sonuncunun razılığı ilə Cavabdeh3 sürücülük hüququ olmadan idarə etmişdir. Ona görə də həmin şəxslərdən müştərək qaydada qeyd edilən məbləğin tutulması barədə qətnamə qəbul edilməlidir. İş üzrə alınmış izahatlar: İddiaçının nümayəndəsi ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək 5000 manat məbləğdə borcu qəbul etdiyini, lakin sağlamlığa vurulmuş yüngül dərəcəli xəsarətə görə 750 manat pulun qanunsuz ödənildiyini bildirərək həmin hissədə iddiaya etirazını bildirmişdir. O, eyni zamanda Cavabdeh2 heç bir təqsirinin olmadığını, avtomobili baş etibarnamə yolu ilə satın aldığını bildirmişdir. Hazırda borcu ödəməyə maddi imakı yoxdur, borcunu hissə-hissə ödəmək fikrindədir. Sonda Cavabdeh1 göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: PXA********** nömrəli sığorta müqaviləsindən görünür ki, “BMW 318” markalı, **-GA- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığortalanmışdır. PXA112462 nömrəli, PXA112463 nömrəli və PXA112464 nömrəli sığorta aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 idarə etdiyi “BMW 318” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Opel Astra” markalı, **-BV-***, “Opel Astra” markalı, **- BY-*** və “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə “Opel Astra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 495 manat, “Opel Astra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat, “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4105 manat məbləğlərində maddi ziyan dəymişdir. PXA112465 nömrəli sığorta aktlarından görünür ki, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 yüngül dərəcəli xəsarət aldığına görə ona 750 manat sığorta ödənişi edilmişdir. “AutoBox” servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “Opel Astra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 495 manat məbləğlərində dəymiş zərər müəyyən olunmuşdur. “AutoBox” servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “Opel Astra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2445 manat məbləğlərində dəymiş zərər müəyyən olunmuşdur. “AutoBox” servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4105 manat məbləğlərində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq "xxxx" ASC tərəfindən 750 manat sığorta ödənişi X2 hesabına ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş TP5088243 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 180 manat məbləğində cərimə edilmişdir. Əsaslandırıcı hissə: Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan etibarnamə ilə Cavabdeh1 qanuni istifadəsinə verilmiş “BMW 318” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun razılığı ilə övladı Cavabdeh3 idarə edərkən yol hərəkətinin qaydasını pozaraq “Opel Astra” markalı, **-BV- ***, “Opel Astra” markalı, **-BY-*** və “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuş, nəticədə avtomobillərə maddi zərər dəymiş və Opel Astra markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 qəza zamanı yüngül dərəcəli xəsarət almışdır. Cavabdehin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Xalq Sığorta” ASC tərəfindən “Opel Astra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 351,32 manat, “Opel Astra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2913,41 manat, “Opel Astra” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1735,27 manat, sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 yüngül dərəcəli xəsarət aldığına görə ona 750 manat olmaqla, ümumilikdə 5750 sığorta ödənişi ödənilmişdir. Cavabdeh1 iddianı qismən qəbul etmiş, yüngül bədən xəsarətinin yetirilməsinə görə 750 manat pulun qanunsuz ödənildiyini bildirərək iddia tələbini həmin hissədə mübahisələndirmişdir. O eyni zamanda Cavabdeh2 heç bir təqsirinin olmadığını, etibarnamə ilə avtomobili satın almaq niyyəti ilə ondan əldə etdiyini, həmin vaxtdan onunla hər hansı münasibətinin olmadığını bildirmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Tətbiq edilən hüquq: “İcbari sığortalar haqqında” 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qeyd edilən qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh iddia qismən qəbul edərək qəza ilə əlaqədar olaraq yüngül dərəcəli bədən xəsarəti almış sürücüyə sığorta şirkəti tərəfindən 750 manatın qanunsuz ödənildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu etirazı əsaslı olmamış, iddiaçı tərəfindən tələb edilən məbləğlər qanunvericiliyin tələbin əsasən düzgün olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” qanuna əsasən: 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir (56.1.2). 58.3. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: yüngül xəsarət alması – 15 faiz həcmində (14.2.5) Göründüyü kimi, qanunvericilikdə icbari sığorta müqaviləsi üzrə həm əmlak ziyanına görə, həm də fiziki şəxslərin sağlamlığına bədən xəsarətlərinin yetirilməsinə görə hər bir hal üçün ayrı-ayrılıqda maksimum 5000 manat məbləğində sığorta ödənişinin edilməsi nəzərdə tutulmuşdur. Sığorta şirkəti tərəfindən vurulmuş əmlak ziyanına görə mütənasib olaraq ümumilikdə 5000 manat, avtoqəza zamanı yalnız bir nəfər şəxs yüngül dərəcəli bədən xəsarəti aldığından 5000 manatın 15 faizi olan (5000x15:100=750) 750 manat pul zərərçəkən şəxsə ödənilmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanmaqla hesab edir ki, iddiaçı irəli sürülmüş iddia üzrə göstərdiyi məbləği tələb etməkdə haqlı olmuş, lakin iddia tələbini digər cavabdehlərlə yanaşı Cavabdeh2 qarşı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Çünki işin hallarından da göründüyü kimi Cavabdeh2 iddia tələbinə cavab verməli şəxs olmamışdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, “BMW 318” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil şəhadətnaməyə əsasən Cavabdeh2 mülkiyyətində olsa da, o, həmin avtomobili satmaq niyyəti ilə, yəni avtomobilin dəyəri həcmdə pulu Cavabdeh1 alaraq etibarnamə yolu ilə avtomobili sonuncunu faktiki olaraq qanuni sahibliyinə vermişdir. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh2 birbaşa və dolayısı yolla təqsiri müəyyən edilməmişdir. Yəni, etibarnamə ilə avtomobili əldə etmiş Cavabdeh1 həmin avtomobilə sərbəst şəkildə sahiblik etmiş, qanunsuz olaraq oğluna avtomobili verdiyindən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda Cavabdeh1 avtomobil üzərində sahiblik hüququndan irəli gələn təqsirli hərəkətlər etməsi avtomobilin mülkiyyətçisinin məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin məzmunundan görünür ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən normanın mətnindən aydın olur ki, öhdəliyin mülkiyyətçinin və ya qanuni sahibin üzərinə qoyulması qeyd edilərək “və” bağlayıcısından deyil “və ya” bağlayıcısından istifadə edilmişdir. Yəni hər ikisinin birlikdə məsuliyyətini nəzərdə tutmamış, hansının təqsiri müəyyən edilərsə həmin şəxsin də məsuliyyətə cəlb edilməsi mümkün hesab edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 78 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, 5750 manat sığorta ödənişi və 78 manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, Cavabdeh2 münasibətdə isə iddia tələbi təmin edilməməlidir. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada vurulmuş zərərə görə ödənilmiş 5750 manat sığorta ödənişi və 78 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar