Məhkəmə qərarları › İş №e-2(050)-221/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-221/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-221/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında 8 mart 2021-ci il tarixdə İktech markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC ümumi dəyəri 1690 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozmuşdur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu öhdəliyində olan borclarını ödəməkdən yayınmışdır. Hazırda onun əsas borc üzrə 1190 manat, cərimə üzrə 95.20 manat borcu vardır. İddiaçının tələbi: Cavabdeh 8 mart 2021-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1190 manat gecikdirilmiş borcun, 95.20 manat cərimənin və ödənilmiş 34.26 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, şirkətin əməkdaşları tərəfindən ona alğı-satqı qiyməti 1690 manat olan su filteri satılmış və buna dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə aylıq ödəniş 70 manat razılaşdırılmışdır. İlk aylar müqavilə üzrə ödənişlər edilmiş, lakin qardaşı rəhmətə getdikdən sonra ödənişləri edə bilməmişdir. (Xəstə qardaşına baxdığı üçün aldığı müavinətdən ödənişləri etdiyini bildirmişdir) Ümumilikdə 500 manat ödəniş edilmişdir. Həmçinin bildirmişdir ki, su filterindən istifadə etməmişdir. Su filteri xx.xx.2021-ci il tarixdə şirkətin əməkdaşları tərəfindən quraşdırılmış, xx.xx.2021-ci il tarixdə istehlakçı tərəfindən sökülərək kənara qoyulmuşdur. Şirkətin əməkdaşları aylıq ödəniş üçün evə gələrkən onlara su filterini geri qaytarmaq istədiyini şifahi olaraq bildirmişdir. Cavabdeh İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: 08 mart 2021-ci il tarixli, KG-M21/2021 saylı müqavilədən və 08 mart 2021-ci il tarixli təhviltəslim akından görünür ki, cavabdehlə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə dəyəri 1690 manat olan “İktech” markalı su filtirini 23 ay müddətinə nisyə satmışdır. 08 mart 2021-ci il tarixli ödəniş qrafikindən məlum olur ki, cavabdeh 30 mart 2021-ci il tarixdən 30 yanvar 2023-cü il tarixə qədər aylıq 70 manat, sonuncu ay 100 manat iddiaçıya pul ödəməlidir. Cavabdeh tərəfindən imzalanmış 08 mart 2021-ci il tarixli təhvil-təslim aktında İktech markalı su təmizləyici sisteminin Alıcıya təhvil verildiyi qeyd olunmuşdur. 13 noyabr 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, cavabdehin "xxxx" MMC-ə 1190 manat əsas borc, 95.2 manat cərimə borcu qalmışdır. 20 noyabr 2024-cü il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında Pretenziyadan görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilməsi barədə məktub göndərmiş və borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 34.26 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan əlavə cavabdeh məhkəmə iclasında su filterini heç istifadə etmədiyini, filterin quraşdırılmasından sonra növbəti gün onu açıb kənara qoyduğunu və geri qaytarılması üçün şifahi müraciət etdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən filterin qaytarılması üçün şirkətə hər hansı rəsmi müraciətin edilməsi barədə sübutlar təqdim edilməmiş, həmçinin 500 manat, aylıq ödənişin 70 manat olması nəzərə alınmaqla 7 ay ödəniş edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığını sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borc hissədə tam, cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin azaldılaraq 10 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1190 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1200 (bir min iki yüz) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 34.26 (otuz dörd manat, 26 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1190 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1200 (bir min iki yüz) manat borc, 34.26 (otuz dörd manat, 26 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar