Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2436/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh 31 may 2020-ci il tarixli, ALY- 1006 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2023-cü il tarixə 412.25 manat gecikdirilmiş əsas, 175.93 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317.32 manat dəbbə, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, 77-PX084 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 200 manat, ümumilikdə 1105.50 manat və dövlət rüsumu qismində ödənilmiş 31.46 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli, ALY-1006 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA032826 ban, 0364 mühərrik nömrəli, ağ rəngli avtomobil 20500 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 591.04 manat, ümumilikdə isə 24278 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 200 manat dəyərində ziyan dəymişdir. Həmçinin, Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2023-cü il tarixə 412.25 manat gecikdirilmiş əsas, 175.93 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317.32 manat dəbbə pulu, cəmi 905.50 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştrakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşə əlavə edilmiş 31 may 2020-ci il tarixli, ALY-1006 saylı “Daxili Lizinq” müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9NA032826 ban, 0364 mühərrik nömrəli, ağ rəngli avtomobil 20500 manat mənləğində "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh illik 15% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 591.04 manat, ümumilikdə isə 24278 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24278 manatın 20050 manatı əsas məbləğ təşkil edir. Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 30 yanvar 2022-ci il tarixdə 615 manat olmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh 31 may 2020-ci il tarixli, ALY-1006 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 412.25 manat gecikdirilmiş əsas, 175.93 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317.32 manat dəbbə, ümumilikdə 905.50 manat gecikmə borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli texniki qüsur və saxlanca qəbul aktlarından görünür ki, “Chevrolet Nexia” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və avtomobilə 200 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 31.46 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə ilk növbədə işin aidiyyət məsələsi ilə bağlı bildirir ki, iddiaçı hüquqi şəxs və cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olsalarda, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər, işdə olan sənədlərə əsasən mübahisənin məhz onların hər ikisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması müəyyən edilmir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində də lizin alanın VÖEN-i barədə məlumat qeyd edilməmiş, lizinqə verən barədə isə həmin məlumat göstərilmişdir. Qanunda belə göstəriş yoxdur ki, bütün lizinq obyektləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən səbəblərdən işə ümumi məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. (maddə 443.1).Borclu icranı kecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-10.1.-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1. və 748-11.2.-ci maddələrinə görə lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -lizinq obyektinin amortizasiya ödənişləri; -lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -lizinq verənin mükafatının məbləği; -lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -lizinq verənin əlavə xidmətlərinin haqqı; -lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 317.32 manat dəbbə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 31.73 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1. və 1096.2.-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bununla da iddiaçı tərəfin pul məbləğlərini almaq hüququ yaranmışdır. Ona görə də yaranmış borc məbləği cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tədqiq olunmuş materiallardan göründüyü kimi, lizinq obyekti Cavabdeh istifadəsində olduğu müddətdə avtomobilə 200 manat dəyərində hissələrin yenisi ilə əvəz olunmasına görə "xxxx" MMC tərəfindən 200 manat bərpa olunma üçün pul xərclənmişdir. Ona görə də bərpa olunma üçün 200 manat pul da iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı və ödənilmiş 31.46 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib 30.40 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) hissəsi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 31 may 2020-ci il tarixli, ALY-1006 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh 412.25 manat gecikdirilmiş əsas, 175.93 manat gecikdirilmiş mükafat və 31.73 manat dəbbə, həmçinin lizinq obyekti olan olan “Chevrolet Nexia” minik markalı, 77-PX084 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 200 manat, ümumilikdə 819.91 manat və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 31.46 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) məbləğində pul vəsaitinin 30.40 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) məbləğində hissəsi tutularaq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2436/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2436/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver