Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2719/2024 17.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT-6906 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli BT-6906 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumi 2028 manat pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 320 manat pulun və işin məhkəmədə baxılmasına dair ödənilmiş 40.28 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əsas fəaliyyət sahəsini müxtəlif çeşidli elektrik malların (telefon) satışı təşkil edir. 23 avqust 2023-cü il tarixində İddiaçı MMC (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında BT-6906 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. “Satıcı” – yəni İddiaçı MMC Əlavədə göstərilən “İphone 14 Pro Max 128gb X1” markalı, İMEİ kod: **********41849 mobil telefonu nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun şəkildə alıcıya təhvil vermişdir. Müqavilənin 2.2.1. maddəsinə uyğun olaraq Alıcı müqavilə üzrə bütün ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı tərəfindən xx.xx.2023-cü il tarixindən başlayaraq satılmış məhsul(lar)a dair Müqaviləyə əlavə edilmiş aylıq kredit ödəniş cədvəlinə əsasən hər hansı ödəniş həyata keçirilməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən müştəri Müqavilə şərtlərinin pozulması halında İphone 14 Pro Max 128gb X1 markalı, İMEİ kod: **********41849 telefonun deaktiv edilməsinə və riskli müştərilər siyahısına salınmasına etiraz etmədiyini təsdiq etmişdir. Alıcı ödənişi həyata keçirmədiyi üçün ona İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin, bütün cəhdlərə baxmayaraq, alıcı indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Hazırda alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2023-cü il tarixindən başlayaraq məhkəməyə müraciət tarixinə ümumi ödənilməmiş 2028 (iki min iki yüz iyirmi səkkiz) manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş 23 avqust 2023-cü il tarixli, BT 6906 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə ayda 169 manat ödəməklə (ilkin ödəniş 1000 manat) 3028 manat dəyərində “İphone 14 Pro Max 128gb X1” markalı, İMEİ kod: **********41849 mobil telefonu satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüş və müqavilə şərtlərinin pozulması halında telefonun deaktiv edilməsinə razılıq vermişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə 23 avqust 2023-cü il tarixli, BT 6906 saylı nisyə alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2028 manat borcu olduğu, 5 gün ərzində ödəniş olunmadığı halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40.28 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, 23 avqust 2023-cü il tarixli, BT 6906 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə ayda 169 manat ödəməklə (ilkin ödəniş 1000 manat) 3028 manat dəyərində “İphone 14 Pro Max 128gb X1” markalı, İMEİ kod: **********41849 mobil telefon satılmış, cavabdeh malı qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsə də, alıcı öhdəliyini lazımınca icra etməyərək, aldığı əşyanın dəyərini ödəməmiş, onun xx.xx.2023-cü il tarixindən başlayaraq məhkəməyə müraciət tarixinə ümumi ödənilməmiş 2028 (iki min iki yüz iyirmi səkkiz) manat məbləğində borcu yaranmışdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə müqavilənin ləğvi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə şərtlər müəyyən olunmuş, lakin cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Buna görə də kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbində vəkilə göstərdiyi hüquqi yardıma görə 320 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqavilənin surəti və fərdi qaydada fəaliyyət göstərən “Fides” Vəkil bürosunun hesabına 300 manat köçürülməsini əks etdirən qəbzi təqdim etmişdir. Məhkəmə hesab edir ki, peşəkar formada məişət əyalarının pərkəkəndə satışı ilə məşğul olan hüquqi şəxsin fəaliyyəti zamanı məhkəmə mübahisələrinin yaranması halları qaçılmazdır. Bu səbəbdən də qeyd edilən kateqoriyadan olan hüquqi şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün hüquqşünas işçilərinin olması zəruri hallardan biridir. Eyni zamanda qeyd edilən mübahisənin xarakterinə uyğun olaraq hüquqi şəxsin hüquqşünas olmayan hər hansı işçisinin də hüquqi şəxsin adından təmsilçilik edərək hüquqlarını müdafiə etməsi də mümkündür. Çünki sözü gedən məhkəmə mübahisələri demək olar ki açıq-aşkar mübahislərdir, yəni hüquqi şəxsin kredit sənədləri əsasında iddiaları asanlıqla sübut etməsi mümkündür. Belə olan halda, bu cür mübahisələrin həll edilməsi üçün hüquqi şəxsin öz seçiminə əsasən peşəkar hüquqi yardımın edilməsi üçün vəkilə müraciət etməsi gələcəkdə vəkilə ödənilmiş xərclərin tələb edilməsi hüququnu yaratmır. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, iddiaçının vəkil xərci ilə bağlı tələbi təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Baktel Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış BT-6906 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli BT-6906 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 2028 manat pul və işin məhkəmədə baxılmasına dair ödənilmiş 40.28 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT-6906 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BT-6906 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 2028 manat pul və işin məhkəmədə baxılmasına dair ödənilmiş 40.28 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2719/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2719/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver