Məhkəmə qərarları › İş №e-2(050)-2863/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2863/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2863/2025 18.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi nəsticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru Orxan Bayramov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, B-575-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 3088 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 942 manat dəbbə pulu, “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6467 manat olmaqla, ümumilikdə 10.497 manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 277,52 manat pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 122,42 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 575-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçının tələbi və təşəbbüsü əsasında avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən geri alınmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Avtomobil cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Lakin, cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2025-ci il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Qeyd olunan tarixdə keçirilmiş baxışa və tərtib olunmuş təmir aktına əsasən “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə və bərpasına çəkiləcək xərclərin ümumi dəyəri 6467 manat təşkil etmişdir. Eyni zamanda, B-575-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən avtomobilin geri qaytarıldığı xx.xx.2024-cü il tarixinədək cavabdehin müqavilə üzrə ödənilməmiş 3088 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 942 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-575- AAE-23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahatında verərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 avqust 2023-cü il tarixli, B-575 AAE-23 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC 69.210 manat dəyərində “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh tərəfindən 4.290 manat ilkin ödəniş edilməklə alıcının istifadəsinə verməyi, alıcı isə qalıq borc olan 54.920 manat məbləğində borcu xx.xx.2023-cü il tarixdən etibarən, 60 ay müddətinə, ayda 1.082 manat olmaqla ödəməyi, müqavilə qiymətinin tam ödənilməsindən sonra satıcı avtomobili alıcının mülkiyyətinə verməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 23 avqust 2023-cü il tarixli, B-575 AAE-23 saylı alqı-satqı müqaviləsinə əsasən 3088 manat əsas borcu və borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 942 manat dəbbə pulu, cəmi 4030 manat borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş təmir aktından görünür ki, “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6467 manat təşkil edir. (Ehtiyyat hissələri 3644 manat, görüləcək işlər 2823 manat). Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə ödənilməli olan əsas borcu və cəriməni ödəməmişdir. Halbuki, 23 avqust 2023-cü il tarixli, B-575 AAE-23 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş avtomobilin dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən aldığı avtomobil üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən 942 manat cərimə pulunun miqdarı 200 manat həddinədək azaldılmalıdır. Məhkəmə iddiaçının “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cavabdehdən tələb etdiyi 6467 manatla bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarında olan foto şəkillərlə avtomobildə dəyişilən hissə kimi ön buferin alt ətəyi və ön buferin alt ətəy qoruyucu, görülən işlər kimi isə kapotun boyasız təmiri, arxa buferin tam boyanması, ön buferin tam boyanması, arxa sağ qapının təmiri, arxa sağ qapının tam boyanması və sağ qapının tam boyanması müəyyən olunur. Belə olan halda həmin hissələrin dəyişdirilməsi və görüləcək işlərin ümumi məbləği 1466 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildiyi xx.xx.2025-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək hesablanmış 277,52 manat hissədə də əsaslıdır. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş vaxtda öhdəliklərini icra etməyərək iddiaçının pul vəsaitini qanunsuz olaraq saxladığından qeyd olanan dövr üçün həmin məbləğdən faizlər ödəməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 23 avqust 2023-cü il tarixli, B-575 AAE-23 saylı müqaviləyə əsasən əsas borca görə 3088 manat, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 200 manat dəbbə pulu, “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1466 manat və müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 277,52 manat pul vəsaiti olmaqla, cəmi 5031,52 manat məbləğində pul alınaraq İddiaçıMMC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,11 manat cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 avqust 2023-cü il tarixli, B-575 AAE-23 saylı müqaviləyə əsasən əsas borca görə 3088 manat, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 200 manat dəbbə pulu, “Changan UNİ-V” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1466 manat, müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 277,52 manat pul vəsaiti və dövlət rüsumuna görə 52,11 manat olmaqla, cəmi 5083 (beş min səksən üç) manat 63 qəpik məbləğində pul alınaraq İddiaçıMMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar