Məhkəmə qərarları › İş №e-2(050)-2917/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2917/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2917/2023 23.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 999,99 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının cavabdehdən alınaraq İddiaçı QSCnə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40018577 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1799.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1799.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil-təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki,cavabdehin bugünə 999.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Odur ki, borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsini təqdim edərək hazırkı mülki işə iddia icraatı qaydasında baxılmasını, iddianı qismən qəbul etdiyini bildirmişdir. Onun tərəfindən banka mütəmadi olaraq ödənişlər olmuşdur. Bank isə ondan faizlə birgə 1000 manat məbləğində pul tələb edir. Lakin onun ümumilikdə 150 manat borcu qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(050)-2917/2023 saylı qərardadı ilə İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, borcundan 27 iyul 2023-cü il tarixdə 700 manat ödəmiş, lakin həmin ödəniş iddiaçı tərəfindən nəzərə alınmamışdır. Bundan başqa 21 oktyabr 2023-cü il tarixdə borcundan 30 manat ödəniş etmişdir. Ona görə də həmin ödənişlərin nəzərə alınmasını, qalan məbləğin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında görünür ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında 28 fevral 2019-cu il tarixdə Faktorinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40018577 saylı Nisyə Alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh 1799,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh adıns 999,99 manat əsas, ümumilikdə 999,99 manat borcu hesablanmışdır. İşdə olan məktubun surətindən görünür ki, İddiaçı QSC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqı ödəmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 40018577 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 700 manat İddiaçı QSC-nin hesabına pul köçürülmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 40018577 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 30 manat İddiaçı QSC-nmin hesabına pul köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40018577 saylı Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1799,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanmış Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1799,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-nə keçirilməsi barədə Nisyə Alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə müqavilə üzrə İddiaçı QSC-yə 700 manat, xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş edilmişdir. Cavabdehin hazırki vaxtadək ödənilməmiş 269,99 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 269,99 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar