Məhkəmə qərarları › İş №e-2(050)-2926/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2926/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2926/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 516.99 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti olduğu üçün işə iddia icraata qaydasında baxılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1960.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1960.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC- yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alğısatqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil-təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin 516.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, "xxxx" MMC-dən tələb edilən əmlakı götürməmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli, MSK06041 saylı alğı-satqı müqaviləsində və təhvil-təslim aktındakı imza ona məxsus olsa da, "xxxx" MMC-nin əməkdaşı Anar Gülverdiyev adlı şəxs onu aldatmış, onun və digər şəxslərin adına müxtəlif məhsullar götürərək pullarını mənimsəmişdir. Bu barədə o və digər şəxslər Masallı RPŞ-yə müraciət etmiş, lakin cinayət işi açılmamışdır. İddiaçı QSC əsassız olaraq məhkəməyə müraciət etmişdir. Onun həmin təşkilata borcu yoxdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh 18 ay müddətinə ayda 109 manat ödəməklə (sonuncu ay 107.99) 1960.99 manat dəyərində malı nisyə satmağı, alıcı isə malı qəbul edib, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 28 fevral 2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən görünür ki, faktor İddiaçı MMC müştəri "xxxx" MMC barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt etməyi öhdələrinə götürmüşlər. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə 516.99 manat əsas, 0 manat cərimə, cəmi 516.99 manat borcu vardır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi və 517 manat borcunun yaranması bildirilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 1960.99 manat olan “Samsung” markalı televizor hissə-hissə, yəni 18 ay müddətində hər ay 109 manat (sonuncu ay 107.99) ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməyərək, aylıq ödənişlərində müəyyənləşdirilmiş məbləğdən az ödəniş etmiş, müqavilə müddəti bitməsinə baxmayaraq, aldığı əşyanın dəyərini tam şəkildə ödəməmişdir. Cavbadeh müqavilədə və malın qəbuluna dair təhvil-təslim aktındakı imzanın ona məxsus olmasını bildirmiş, iddiaya dair etirazında göstərdiyi xüsusatları məhkəmə iclasında sübuta yetirə bilməmiş, iddiaçı isə təqdim etdiyi sübutlar ilə cavbadehin ödənilməmiş 516.99 manat borcu olmasını sübuta yetirmişdir. Halbuki, cavabdeh mülki işə iddia icraatı qaydasında baxılması barədə ərizəsində yuxarıda qeyd edilən məsələ ilə bağlı sübutları olduğunu və onları məhkəməyə təqdim edəcəyini göstərmişdir. Məhkəmə iclasında həmin məsələ araşdırılmış və o, heç bir sübutu olmadığını bildirmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 516.99 manat borc, 0 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MSK06041 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 516.99 manat əsas, 0 manat cərimə, 30 manat məbləğində ödənilmş dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 547.39 manat pul İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar