Məhkəmə qərarları › İş №e-2(050)-3041/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3041/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3041/2024 14.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi, 70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 5070,40 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Masallı şəhərində "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “BMW 528” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində piyada X3 vəfat etmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölməsi səbəbindən fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə Cəmiyyət tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli, xx.xx.2023-cü il tarixli cinayət işinin icraatına xitam edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “BMW 528” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 34 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölməsi təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024cü il tarixli, 019/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində piyada X1 ölməsi ilə bağlı dəyən zərər üzrə ödənilmiş 5000 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, o bu günə qədər ödənişi həyata keçirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Gülnar İbrahimova məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: PAG********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “BMW 528” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 34 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölməsi təsdiq edilmişdir. A-PAG 0968/23 nömrəli sığorta aktından görünür ki, “BMW 528” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 noyabr 2022-ci il tarixdə Masallı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW 528” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmişdir və zərərçəkmiş X2 ölümə səbəb olan sağlamlığa zərər vurmuşdur. Zərərin məbləği 5000 manat təşkil edir. 220640248 nömrəli, xx.xx.2023-cü il tarixli cinayət işinin icraatına xitam edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “BMW 528” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh təqsirli hərərkəti nəticəsində 30 noyabr 2022-ci il tarixdə Masallı şəhərinin ərazisində yol nəqliyyat hadisəsi nəticəsində “BMW 528” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 ölümə səbəb olan sağlamlığa zərər vurmuşdur. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişin hüquqi varisinə dəymiş maddi ziyana görə 5000 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin 5000 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 70 manat dövlər rüsumu və 0.40 manat xidmət haqqı da Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat sığorta ödənişi, 70 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı, cəmi 5070,40 (beş min yetmiş manat 40 qəpik) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar