Məhkəmə qərarları › İş №e-2(050)-3270/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3270/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3270/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə 1177.71 manat gecikdirilmiş əsas, 917.13 manat gecikdirilmiş mükafat, 524.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Chevrolet Lacetti” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1758 manat məbləğində pulun, ümumilikdə 4377.25 manat borc və ödənilmiş 63.78 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506981 ban, qara rəngli avtomobil 26250 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 524.57 manat, ümumilikdə isə 35674 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyul 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1758 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20 iyul 2023-cü il tarixə 1177.71 manat gecikdirilmiş əsas, 917.13 manat gecikdirilmiş mükafat, 524.41 manat dəbbə pulu, ümumilikdə 2619.25 manat gecikmə borcu yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına ərizə göndərərək mülki işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Lacetti” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506981 ban, qara rəngli avtomobil 26250 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 812 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili Lizinq” müqaviləsi üzrə təşkilata 1177.71 manat gecikdirilmiş əsas, 917.13 manat gecikdirilmiş mükafat, 524.41 manat dəbbə pulu, ümumilikdə 2619.25 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Chevrolet Lacetti” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 1758 manat müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4).Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1-748- 2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq lizinq ödənişlərini müəyyən olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Buna görə də tərəflər arasında bağlanmış lizinq müqavilələri ləğv edilməli, ödəniş cədvəlinə uyğun ödənilməmiş lizinq ödənişləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq 100 manat saxlanılmaıdır. Məhkəmə nəzərə alır ki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qimən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilsin. Cavabdehdan 19 mart 2022-ci il tarixli ALY-772 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1177.71 manat gecikdirilmiş əsas, 917.13 manat gecikdirilmiş mükafat, 100 manat dəbbə pulu olmaqla, cəmi 2194.84 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehdan lizinq obyekti olan olan “Chevrolet Lacetti” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 1758 manat məbləğində pul və 63.78 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar