Məhkəmə qərarları › İş №e-2(050)-3688/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3688/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3688/2025 26.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə MSK06079 saylı, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi və MSK06079-Z saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 361.98 manat əsas, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış MSK06079 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1536.98 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış MSK06079-z saylı xx.xx.2021 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin,hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehlərinin 361.98 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən görünür ki, faktor İddiaçı QSC müştəri "xxxx" MMC barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt etməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş MSK06079 saylı xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh2 18 ay müddətinə ayda 85 manat (sonuncu ay 91.98 manat) ödəməklə 1536.98 manat dəyərində malı nisyə satmağı, alıcı isə malı qəbul edib, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş MSK06079-Z saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, MSK06079 saylı, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə 361.98 manat əsas, 0 manat cərimə, cəmi 361.98 manat borcu vardır. Göründüyü kimi, Cavabdeh2 nisyə alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, MSK06079 saylı, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 nisyə aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin təşkilata olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi tələb edilən borc məbləği hissəsində əsaslıdır. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. MSK06079 saylı, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi ilə, Cavabdeh2 1536.98 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüş, həmçinin həmin MSK06079-Z saylı zaminlik müqaviləsi bağlanmış, əsas öhdəliyin icrasının son vaxtı kimi xx.xx.2023-cü il tarixdə müəyyən edilmiş, lakin kreditor olaraq iddiaçı öhdəliyin icrası müddəti başa çatdıqdan sonra kəsici müddəti ötürməklə zamin Cavabdeh1 qarşı tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xitam verildiyi üçün Cavabdeh1 münasibətdə iddia tələbi də əsassızdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 361.98 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 392.38 manat pul İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 361.98 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 392.38 manat pul İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar