Məhkəmə qərarları › İş №e-2(050)-3751/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3751/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3751/2024 12.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə İddiaçı (VÖEN:**********) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2022 -ci il tarixli, 33734 saylı müqaviləyə əsasən borclu “ERA Electronics”dən kreditlə 1103.98 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 92 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2022-ci il tarixli, 34295 saylı müqaviləyə əsasən borclu ERA Electronicsdən kreditlə 1049.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 58 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə ERA Electronicsarasında bağlamış olduğu xx.xx.2022-ci il tarixli, 33734 saylı və xx.xx.2022-ci il tarixli, 34295 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun ERA Electronicsə olan borcunun ödənilməsi barədə ona dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o ERA Electronicsə olan borcunu 1 ildən çox müddətdir ki, ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2023-cu il tarixdə 128.50 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq ERA Electronicsə olan borcu 241.48 manatı əsas, 30 manatı cərimə borcu və 411.99 Azərbaycan manatı əsas, 40 manatı cərimə borcu olmaqla ümumilikdə 723.47 manatı təşkil edir. İddiaçının tələbi: Cavabdeh İddiaçı (ERA Electronicsin) xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 241.48 manatı əsas, 30 manatı cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 411.99 manatı əsas, 40 manatı cərimə borcu olmaqla ümumilikdə 723.47 manatı məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 753.47 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli, 33734 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Samsung Galaxy A135(128GB) BLACK markalı telefon verilmişdir. xx.xx.2022-ci il tarixli, 34295 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh **********-43LM5772PLA.AMCB TV LG verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 33734 nömrəli müqavilə üzrə 241.48 manat əsas borc, 30 manat cərimə, cəmi 271.48 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 34295 nömrəli müqavilə üzrə 411.99 manat əsas borc, 40 manat cərimə, cəmi 451.99 manat borcu yaranmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli pretenziya məktublarının surətindən görünür ki cavabdehə borcun ödənilmədiyi təqdirdə məhkəmə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, 33734 nömrəli müqavilə üzrə tələb olunan 30 manat cərimə pulunun miqdarı azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli, 34295 nömrəli müqavilə üzrə tələb olunan 40 manat cərimə pulunun miqdarı azaldılaraq 10 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 33734 nömrəli müqavilə üzrə 241.48 manat əsas borc, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli, 34295 nömrəli müqavilə üzrə 411.99 manat ödənilməmiş hissə, 10 manat cərimə ümumilikdə, 673.47 (altı yüz yetmiş üç manat qırx yeddi qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 33734 nömrəli müqavilə üzrə 241.48 manat əsas borc, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli, 34295 nömrəli müqavilə üzrə 411.99 manat ödənilməmiş hissə, 10 manat cərimə ümumilikdə, 673.47 (altı yüz yetmiş üç manat qırx yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar