Məhkəmə qərarları › İş №e-2(051)-1253/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1253/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1253/2022 03.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.12.2020-ci il 22118903 №li müqaviləyə əsasən cavabdeh HOFFMANN Mini soba, 18.11.2020-ci il 22055014 №li müqaviləyə əsasən Civil Beshik, URETAN DOSHEK, 27.08.2020-ci il 21116352 №li müqaviləyə əsasən İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon almışdır. Lakin cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə HOFFMANN Mini soba üçün 283 manat əsas borc, 28 manat cərimə olmaqla, cəmi 311 manat, Civil Beshik, URETAN DOSHEK üçün 752 manat əsas borc, 75 manat cərimə olmaqla, cəmi 827 manat, İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon üçün 318 manat əsas borc, 31 manat cərimə olmaqla, cəmi 349 manat, ümumilikdə 1487 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 34.87 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.12.2020-ci il 22118903 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 12.9 manat olmaqla, 24 ay müddətində ödəmək şərti ilə HOFFMANN Mini sobanı cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN Mini sobanı iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 283 manat əsas borc və 28 manat cərimə olmaqla, cəmi 311 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18.11.2020-ci il 22055014 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 32.7 manat olmaqla, 24 ay müddətində ödəmək şərti ilə Civil Beshik, URETAN DOSHEK cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh Civil Beshik, URETAN DOSHEK iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 752 manat əsas borc və 75 manat cərimə olmaqla, cəmi 827 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2020-ci il 21116352 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, ilkin ödəniş 50 manat, hər ay 26 manat olmaqla, 18 ay müddətində ödəmək şərti ilə İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Qarayeva X1 **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 318 manat əsas borc və 31 manat cərimə olmaqla, cəmi 349 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə HOFFMANN Mini soba üçün 28 manat, Civil Beshik, URETAN DOSHEK üçün 75 manat, İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon üçün 31 manat cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq HOFFMANN Mini soba üçün 2 manat, Civil Beshik, URETAN DOSHEK üçün 7 manat, İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon üçün 3 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 10.12.2020-ci il 22118903 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə alğı-satqı qiyməti 309.6 manat olan HOFFMANN Mini soba vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 12.9 manat olmaqla 24 ay müddətinə ödəməli idi. 18.11.2020-ci il 22055014 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissəhissə ödəmək şərti ilə cavabdehə alğı-satqı qiyməti 784.8 manat olan Civil Beshik, URETAN DOSHEK vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 32.7 manat olmaqla 24 ay müddətinə ödəməli idi. 27.08.2020-ci il 21116352 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə alğı-satqı qiyməti 518 manat olan İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu ilkin ödəniş 50 manat, hər ay 26 manat olmaqla 18 ay müddətinə ödəməli idi. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə onun borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən HOFFMANN Mini soba üçün 283 manat əsas borc və 2 manat cərimə olmaqla, cəmi 285 manat, Civil Beshik, URETAN DOSHEK üçün 752 manat əsas borc və 7 manat cərimə olmaqla, cəmi 759 manat, İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon üçün 318 manat əsas borc və 3 manat cərimə olmaqla, cəmi 321 manat, ümumilikdə 1365 manat tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 34.87 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh HOFFMANN Mini soba üçün 283 (iki yüz səksən üç) manat əsas borc və 2 (iki) manat cərimə olmaqla, cəmi 285 (iki yüz səksən beş) manat, Civil Beshik, URETAN DOSHEK üçün 752 (yeddi yüz əlli iki) manat əsas borc və 7 (yeddi) manat cərimə olmaqla, cəmi 759 (yeddi yüz əlli doqquz) manat, İmei kodu **********58175 olan Samsung Galaxy A21s markalı mobil telefon üçün 318 (üç yüz on səkkiz) manat əsas borc və 3 (üç) manat cərimə olmaqla, cəmi 321 (üç yüz iyirmi bir) manat, ümumilikdə 1365 (bir min üç yüz altmış beş) manat və dövlət rüsumu kimi ödənilmiş 34.87 (otuz dörd manat səksən yeddi qəpik) manat alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar