Məhkəmə qərarları › İş №e-2(051)-1256/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1256/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1256/2022 24.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, X1 oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 24 may 2022-ci il tarixli, 2 (051)- 1256/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 20369771 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə hissə-hissə ödəniş şərti ilə 18 ay müddətinə, aylıq 57,2 manat olmaqla, alqı-satqı qiyməti 1029,6 manat olan Samsung LED Tv vermişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Hazırda cavabdehin 24 iyun 2020-ci il tarixli 20369771 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 826 manat əsas borc və 82 manat cərimə olmaqla, cəmi 908 manat borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh iş üzrə məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxışı iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, borcu ödəyəcəyinin bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materialıanı araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 20369771 saylı nisyə alqı-satqı müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 57,2 manat olmaqla, 18 ay müddətində ödəmək şərti ilə Samsung LED Tv-ni cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşdür. İşdə olan məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilən əşyanın təhvil verilməsi ilə bağlı tərəflər aktı imzalamışlar. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə Samsung LED Tv üçün 82 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq Samsung LED Tv üçün 05 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 24 iyun 2020-ci il tarixli 20369771 saylı müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 1029,6 manat dəyərində Samsung LED Tv vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 57,2 manat olmaqla 18 ay müddətinə ödəməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onun borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Samsung LED Tv üçün 826 manat əsas borc, 05 manat cərimə olmaqla cəmi 831 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh Samsung LED Tv üçün 826(səkkiz yüz iyirmi altı) manat əsas borc, 05(beş) manat cərimə olmaqla cəmi 831(səkkiz yüz otuz bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar