Məhkəmə qərarları › İş №e-2(051)-1318/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1318/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1318/2025 16.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3450 manat məbləğində pulun və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 15:30 radələrində Bakı şəhəri, M.Araz küçəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Toyota Camry” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP5490197 № saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2, 327.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-Sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki,“Mercedes Benz C180” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3450,00 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA116423 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 3450,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işin təxirə salınmasını xahiş etmişdir. Həmçinin etiraz ərizəsi verərək, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Xalq Sığorta ASC tərəfindən verlmiş iddia ərizəsində xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Məmməd Araz küçəsi ərazisində baş vermiş avto qəza barəsində tam müfəssəl məlumat verilməmişdir. Belə ki, Cavabdeh2 hadisədən bir neçə ay əvvəl, daha dəqiq xx.xx.2022-ci il tarixdə ailəvi tanışı olan İran İslam Respublikası vətəndaşı X3 özünə məxsus olan Toyota Camry markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün notariat qaydada etibarnamə vermişdir. Hadisə günü X4 həmin avtomaşını yudurtmaq üçün ünvan 1 ünvanda yerləşən avtoyuma yerinə qoymuş, burada işləyən sonradan ona adı məlum olan Cavabdeh1 heç kimə məlumat vermədən və icazəsiz olaraq avtomaşının sükan arxasına keçərək avtomaşını avtoyuma yerindən çıxarmağa cəhd etmiş və bu zaman **-ST-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi ziyan vurur. Hadisə barədə X4 dərhal Nərimanov Rayon DYP şöbəsinə məlumat vermişdir. Nərimanov rayon DYP şöbəsində avtoqəza ilə bağlı araşdırma aparılmış, inzibati xətanı törətmiş şəxs barəsində protokol tərtib edilmiş, Cavabdeh1 barəsində inzibati tənbeh tətbiq olunmasına dair qərar qəbul edilmişdir. İddiaçı məhkəmədən xahiş etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3450,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 55,00 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Lakin iddia ərizəsində “Toyota Camry” markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı notariat qaydada verilmiş etibarnamə əsasında X2 istifadəsində olduğunu göstərməmişdir. Bu hal isə dəymiş ziyanla bağlı Cavabdeh2 məsuliyyətini istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinin tələbinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məhkəmə bildirişi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, lakin həmin ünvanda yaşamaması qeydi ilə bildiriş geri qaytarılmışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: PXA116423 saylı sığorta aktından görünür ki, 3450 manat məbləğində dəymiş zərər Cavabdeh2 sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli xx/xx-2061 №li subroqasiya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh1 3450 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair aktdan görünür ki, “Mercedes C class” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilinin xərci yekun qiymətləndirmə aktı üzrə 3450 manat məbləğində müəyyən edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 15:30 radələrində Nərimanov rayon, M.Araz 23 ünvanında toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, sürücüsü Cavabdeh1, avtonəqliyyat vasitəsinin markası “Toyota Camry minik”, dövlət qeydiyyat nişanı **-RP-***dir. Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol ilə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Cavabdeh1 tərəfindən Nərimanov RPİ DYPŞ-nə verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, Məmməd Araz 23 ünvanında yerləşən avtoyuyucuda işləyir. xx.xx.2022-ci il tarixdə “Toyota” markalı avtomobili avtoyuyucudan arxaya verib çıxarmağa çalışarkən diqqətsizlik etmiş və arxada olan “Mercedes” markalı avtomobil ilə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh2 “Toyota Camry minik” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə X1 6 ay 5 gün müddətinə etibar etmişdir. xx.xx.2025-ci il tarixli **********30 №li ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: “Toyota Camry minik” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Mülkiyyətçi Cavabdeh2 “Toyota Camry minik” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibar etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 qeyd olunan “Toyota Camry minik” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi avtoyuyucudan çıxararkən “Mercedes C class” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Xalq Sığorta” ASC tərəfindən iş üzrə PXA116423 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3450,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz etmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilmiş hüquq: Azərbaycan Respublikasının “İcbari Sığorta haqqında” Qanununun aşağıdakı maddələrinə əsasən: 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhəmənin mövqeyi: “Toyota Camry minik” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh2 “Toyota Camry minik” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə X1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibar etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 qeyd olunan “Toyota Camry minik” markalı **- RP-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi avtoyuyucudan çıxararkən “Mercedes C class” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" ASC tərəfindən iş üzrə PXA116423 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3450,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da iddiaçı "xxxx" ASC-nin mülkiyyətçi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edən digər cavabdehə qarşı subroqasiya qaydasında sığorta ödənişinin geri tələb etmək hüququ yaranmışdır. İddiaçı sığorta şirkəti mülki məsuliyyəti sığortalanmış iddiaçıdan və onun iradəsi ilə sahibliyindən çıxmaqla digər avtomobilə ziyan vurmuş digər cavabdehdən ödənilmiş sığorta məbləğinin əvəzini tələb edir. Cavabdeh mülkiyyətçi Cavabdeh2 avtomobili idarə olunmaq üçün verməsini istinad etdiyi şəxsin onunla hansı hüquq münasibətində olduğunun aydınlaşdırılması üçün dəfələrlə məhkəmə iclası təxirə salınsa da cavabdehlərdən heç biri nə özləri nə də nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Ona görə də məhkəmə verilmiş tələb və təqdim olunmuş sübutlar əsasında işə baxmışdır. Məhkəmə verilmiş tələb üzrə işə baxaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3450 manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, mülkiyyətçi Cavabdeh2 avtomobili idarə olunmaq üçün verməsini istinad etdiyi şəxsdən ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi 55 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidr. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 218, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3450 (üç min dörd yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar