Məhkəmə qərarları › İş №e-2(051)-1337/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1337/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1337/2022 14.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 263 (iki yüz altmış üç) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 02 iyul 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kıa Rıo" markalı 99UO431 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 11 mart 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu X.Şuşinski küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mıtsubıshı Aırtrek " markalı 90NU729 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi rayon DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi bağlı 263 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. "Kıa Rıo" markalı 99UO431 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh məxsus olduğundan və avtomobili o idarə etdiyindən zərərin əvəzi ondan tutulmalıdır. Ona görə də Cavabdeh 263 (iki yüz altmış üç) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, X1 məxsus "MİTSUBİSHİ AİRTREK " markalı 90NU729 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 263 manat təşkil edir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan və ödəniş tapşırığının surətindən görünür ki, X1 məxsus "Mıtsubıshı Aırtrek " markalı 90NU729 dövlət qeydiyyat nişanlı avtomobilin dəymiş ziyan 263 manat təşkil edir və həmin məbləğ ona ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "KİA RİO" markalı 99UO431 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nəsimi rayon, X.Şuşinski küçəsində yolnəqliyyat hadisəsi törətmiş və "Mıtsubıshı Aırtrek " markalı 90NU729 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğu üçün AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mulki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-i maddəsinə əsasənSığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Mülki Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianı iddiaçının tələbi üzrə təmin edilməsi qənaətindədir və dəymiş zərərin hesablanmasına dair akta uyğun qətnamənin çıxarılması iddiaçının hüquqlarının təmin olunması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlər Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 263 (iki yüz altmış üç) manat pul alınıb "xxxx" ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutulub "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar