Məhkəmə qərarları › İş №e-2(051)-1369/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1369/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1369/2025 16.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə LT000305 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1571 manat borcun, 235 manat cərimə borcunun, 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirdi ki, “Eltex MMC” ilə Cavabdeh arasında bağlanmış LT000305 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2591 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin 1571 manat əsas borcu, 235 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. "xxxx" MMC-nin direktoru kimi onu qeyd etmək istəyir ki, 2020-ci ildə pandemiya dövrü oldu, mağazalar bağlı oldu, sonra Vətən Müharibəsində iştirak etdi, uzun müddət müalicə olmuşdur. Sonra isə camaatın vəziyyətini nəzərə alıb az- az ödəniş etmələrinə razılıq verilib, cavabdeh də aldığı əşyaların pulunun bir qismini ödəmiş, qalan hissəsini ödəməmişdir. Bununla belə cavabdeh yaşayış ünvanını və mobil telefon nömrəsini dəyişdiyi üçün mübahisənin könüllü həlli mümkün olmadığından, ona qarşıiddia tələbi gecikdirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" MMC-dən aldığı mebel yaxşı çıxmamış, dəfələrlə mağazaya müraciət etməsinə baxmayaraq, mebeli geri götürməmişlər, o da ödənişi dayandırmışdır. Bununla bağlı ona heç bir məlumat və xəbərdarlıq verməmişlər. Qeyd olunan öhdəlik üzrə borc məbləğini ödəmişdir. Sadəcə olaraq ödəniş üzrə qəbzləri məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının məhkəməyə təqdim etdiyi ərizənin əsassız olmasını sübut etməkdə çətinlik çəkir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı tərəfindən ona qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 3 il müddətində məhkəməyə müraciət oluna bilərdi və buna görə də iddiaçının ona qarşı pul tələbinə dair tələb irəli sürməsi iddia müddəti bitdiyindən əsassızdır. Belə ki, nisyə alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək bağlanmış, lakin iddiaçıpul tələbinə dair məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan “Eltex MMC” ilə Cavabdeh arasında bağlanmış LT000305 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2591 manat dəyərində mal almışdır. İşdə olan LT000305 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, cavabdeh nisyə aldığı malın dəyərini hər ay ödəmək şərtilə 18 ay müddətində, xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan bildirişdən görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə üzrə 1571 manat əsas borc, 235 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 1806 manat borcu vardır. İşdə olan hesabdan çıxarışdan görünür ki, "xxxx" QSC-yə güzəşt olunan tələb 2591 manat, Müqavilə: LT000305, Müştəri: Cavabdeh MÜZADİL, Ödəniş məbləği: 1080 manat, Əsas borcdan silinmə: 1080 manat, Cərimə borcundan silinmə 59.76 manat, əsas borcdan qalıq 0, cərimə borcu 0, cəmi borc qalığı 0 göstərilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğunu, həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməsini nəzərə alaraq, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Beləliklə, məhkəmə müəyyən etdi ki, “Eltex MMC” ilə Cavabdeh arasında bağlanmış LT000305 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə LT000305 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1571 manat borcun, 235 manat cərimə borcunun, 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar