Məhkəmə qərarları › İş №e-2(051)-1450/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1450/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1450/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 176 manat əsas, 178.93 manat cərimə olmaqla, cəmi 354.93 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, ORK02409 №li nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş 50 manat olmaqla , 12 müddətinə hissə-hissə hər ay üçün 44 manat, sonuncu ay üçün isə 44 manat ödəmək şərti ilə, 578 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir.Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, ORK02409 saylı müqavilə üzrə qalıq borcu 176 manat təşkil edir. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 596.44 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edilmiş, hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb olunur. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 178.93 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, ORK02409 saylı müqavilə üzrə 176 manat qalıq borcu, 178.93 manat cərimə borcu olmaqla, cəmi 354.93 manat borcu yaranmışdır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019cu tarixli, ORK02409 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu tarixli, ORK02409 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Odur ki, iddiaçı cavabdehdən 176 manat əsas, 178.93 manat cərimə olmaqla, cəmi 354.93 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, ilkin ödəniş 50 manat olmaqla , 12 müddətinə hissə-hissə hər ay üçün 44 manat, sonuncu ay üçün isə 44 manat ödəmək şərti ilə, 578 manat dəyərində məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka cəmi 354.93 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ilkin ödəniş 50 manat olmaqla , 12 müddətinə hissə-hissə hər ay üçün 44 manat, sonuncu ay üçün isə 44 manat ödəmək şərti ilə, 578 manat dəyərində məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 176 manat əsas, 178.93 manat cərimə olmaqla, cəmi 354.93 manat borcu qalmışdır. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 354.93 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 176 (bir yüz yetmiş altı) manat əsas, 178.93 (bir yüz yetmiş səkkiz manat doxsan üç qəpik) manat cərimə olmaqla, cəmi 354.93 (üç yüz əlli dörd manat doxsan üç qəpik) manat borcu məbləğində pul tutularaq iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınıb iddiaçı «X1 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar