Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-165/2023 12.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Cavabdehlər: Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 5991 manat sığorta ödənişi məbləği, 79.91 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı olmaqla, cəmi 6071.31 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub "xxxx" ASC-yə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət iddia ərizəsini və məhkəməyə ünvanlandığı etiraz ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində, Mingəçevir şəhəri, 20 yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M-21412 sedan” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Bakı Sığorta” ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Mingəçevir DYPŞ tərəfindən aparılan araşdırma zamanı Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR DİN Mingəçevir DYPB tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, BYP 105746 saylı inzibati xəta haqqında protokola əsasən həmin vaxt qüvvədə olan AR M-in 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişi edilmişdir. Hesab edir ki, onun cavabdehdən subroqasiya qaydasında dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişini tələb etmək hüququ vardır. Bununla yanaşı, iddiaçı şirkətin nümayəndəsi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı göstərmişdir ki, mülki qanunvericilikdə öhdəliklər müqavilədən və deliktlərdən irəli gələn öhdəliklər olmaqla iki yerə bölünürlər. Cavabdehlərin öhdəliyi hər hansı bir müqavilədən deyil, Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan Cavabdeh2 sahibliyində olan "M-21412" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilən zaman törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıda əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik" markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gəlmişdir. İddiaçının cavabdehlərə qarşı tələbi aralarında bağlanmış hər hansı bir müqavilədən deyil, törədilmiş mülki hüquq pozuntusundan, deliktdən irəli gəlir. Bu tələblərə isə 3 illik iddia müddəti tətbiq edilmir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı subroqasiya hüququndan istifadə edir. İş materiallarından da göründüyü kimi, zərərçəkən şəxs ona məxsus avtomaşını sığorta etdirmiş və onun əmlakına zərər dəydiyi üçün ona dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və verdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2013-cü il tarixində Mingəçevir şəhəri, 20 Yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M- 21412 sedan” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “CHEVROLET CRUZE minik” markalı, **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün xx.xx.2013-cü il tarixli kassa məxaric orderinə əsasən "xxxx" ASC tərəfindən 5991 manat məbləğində sığorta ödənişi edilmiş və subroqasiya qaydasında həmin pulu müştərək qaydada ondan və digər cavabdehdən tələb edir. İddiaçının ona qarşı sığorta müqaviləsi üzrə mübahisəli tələbi xx.xx.2013-cü ildən yaranmışdır. Bununla belə iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və bununla da məhkəməyə iddia tələbi ilə müraciət etmək müddətini üzürsüz səbəbdən buraxmışdır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətlərin tədbiq edilməsi tələbinə riayət etməmiş və iddia etmək müddətini üzürsüz səbəbdən buraxmışdır. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı göstərdi ki, o, qəza törədən avtomobili 15-20 il əvvəl satmışdır. Onun həmin avtomobillə heç bir bağlılığı olmamışdır. Eləcə də onun qeyd olunan yol-nəqliyyat hadisəsindən də xəbəri olmamışdır. Hesab edir ki, ona münasibətdə iddia tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən MİB-0810-0/13 nömrəli sığorta müqaviləsinə əsasən, X3 dəymiş zərərə görə 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən ” arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə saat 10:00-da Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “M-21412 sedan” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İşdə olan xx.xx.2013-cü il tarixli inzibati xəta haqqında BYP 105746 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 həmin vaxt qüvvədə olan AR İXM-in 152.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6191 (altı min yüz doxsan bir) manat məbləğində müəyyən edilmişdir. İşdə olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə xx.xx.2013-cü il tarixli, MİB-0810-0/13 saylı könüllü sığorta şəhadətnaməsinin surətindən görünür ki, X4 özünə məxsus, “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, 16470 (on altı min dörd yüz yetmiş) manat məbləğində sığorta etdirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, BS-C-22/4962 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2013-cü il tarixdə, Mingəçevir şəhəri, 20 yanvar küçəsinə çıxan yolda Cavabdeh2 məxsus olan “M-21412 sedan” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Bakı Sığorta” ASC-də əmlak sığortası qaydasında sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5991 manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh1 yol–nəqliyyat hadisə törətdiyinə görə həmin vaxt qüvvədə olan AR İXM-nin 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 5991 manat həddində qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinə görə könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X4 öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabacadan özünə məxsus, “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilini iddiaçı "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilməklə, 16470 (on altı min dörd yüz yetmiş) manat məbləğində sığorta etdirmişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Cavabdeh2 sahibliyində olan avtomobili idarə etmək hüququ olmayan Cavabdeh1 idarə edərkən, X1 olan “Chevrolet Cruze” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol–nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, Cavabdeh1 təqsirli bilinmişdir. Ondan sonra iddiaçı şirkət tərəfindən könüllü sığorta müqaviləsinə əsasən X3 5991 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsini törədən vaxt nəqliyyyat vasitəsini idarə etmə hüququ olmamışdır. Belə olan halda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə, həmçinin Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddəti tədbiq edilə bilməz. Belə ki, cavabdehlərdən tələb olunan ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, Cavabdeh1 üçüncü şəxsin idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlikdir. Belə ki, “Bakı Sığorta“ ASC və Cavabdeh1 arasında hər hansı bir müqavilə mövcud olmadığından, "xxxx" ASC-nin cavabdehlərə qarşı iddia tələbi müqavilədən deyil, sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçən qanundan irəli gələn tələbdir. Belə olan halda isə hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə, həmçinin Cavabdeh2 məhkəmə iclası zamanı izahatında yol-nəqliyyat hadisəsində təqsirli olmaması ilə bağlı istinad etdiyi dəlilləri də əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 sahibliyində olan avtomobilin Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirə bilməmişdir. Belə olan halda Cavabdeh2 da digər cavabdehlə müştərək qaydada iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyinə görə qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. X5 Məhkəməsi Plenumu belə nəticə gəlmişdir ki, Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən subroqasiya qaydasında 5991 manat məbləğində pul müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 79.91 manat məbləğində pul və 0.40 qəpik xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5991 (beş min doqquz yüz doxsan bir) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 79.91 (yetmiş doqquz manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-165/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-165/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver