Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1949/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 Sabit oğluna qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 Sabit oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 646 ABŞ dolları əsas borc, 162 ABŞ dolları cərimə, ümumilikdə 808 ABŞ dolları borcun və 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli VİP 18365 saylı müqavilənin şərtlərinə əsasən sonuncu, aldığı Samsung G975 BLACK 128GB markalı telefona görə 18 ay ödəniş etməklə ümumilikdə 646 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Sabit oğlu ilə xx.xx.2021-ci il tarixli VİP 18365 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 banka xx.xx.2021-ci il tarixli VİP 18365 saylı kredit müqaviləsi üzrə 646 ABŞ dolları əsas borc, 162 ABŞ dolları cərimə, ümumilikdə 808 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Bu günədək cavabdehlərə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişlər. Borclunun 646 ABŞ dolları əsas borc, 162 ABŞ dolları cərimə, ümumilikdə 808 ABŞ dolları borcu yaranmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli VİP 18365 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə Samsung G975 BLACK 128GB markalı telefon satmışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh2 Sabit oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli VİP 18365 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X1 banka olan borcu 646 ABŞ dolları əsas borc, 162 ABŞ dolları cərimə, ümumilikdə 808 ABŞ dolları təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 iddiaçıya olan borcunu 18 ay ödəniş müddətinə, ümumilikdə 646 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 34 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 162 ABŞ dollarıdəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı 16 ABŞ dolları miqdarında saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 646 ABŞ dolları əsas borc, 16 ABŞ dolları cərimə, ümumilikdə 662 ABŞ dolları məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli VİP 18365 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 646 (altı yüz qırx altı) ABŞ dolları əsas borc, 16 (on altı) ABŞ dolları cərimə, ümumilikdə 662 (altı yüz altmış iki) ABŞ dolları borc və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Kiçik iddiaya dair ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1949/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1949/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver