Məhkəmə qərarları › İş №e-2(051)-2343/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2343/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2343/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 2711 manat əsas borc və 47,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 856,4 manat (18 ay x 46,3 manat + 23 manat ilkin ödəniş) olan Samsung Galaxy A51 üçün ümumilikdə 610 manat olmaqla 554,9 manat ödənilməmiş hissə, 55,1 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550,8 manat (12 ay x 45,9 manat + 0 manat ilkin ödəniş) Matras üçün ümumilikdə 121 manat olmaqla ondan 110 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 1800 manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan Şəbəkə divan üçün ümumilikdə 1980 manat olmaqla 1800 manat ödənilməmiş hissə, 180 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş hər üç müqaviləyə edilmiş əlavənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Borclunun cəmi ödədiyi məbləğ 742,3 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 856,4 manat (18 ay x 46,3 manat + 23 manat ilkin ödəniş) olan Samsung Galaxy A51 satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550,8 manat (12 ay x 45,9 manat + 0 manat ilkin ödəniş) Matras markalı telefon satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 manat (24 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan Şəbəkə divan satmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin ümumilikdə 610 manat olmaqla 554,9 manat ödənilməmiş hissə, 55,1 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ümumilikdə 121 manat olmaqla ondan 110 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumilikdə 1980 manat olmaqla 1800 manat ödənilməmiş hissə, 180 manat cərimə borcu yaranmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 47,11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 554,9 (beş yüz əlli dörd manat doxsan qəpik) manat əsas borc, 55,1 (əlli beş manat on qəpik) cərimə borcu manat olmaqla cəmi 610 (altı yüz on) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 110 (bir yüz on) manat əsas borc, 11 (on bir) manat cərimə borcu olmaqla cəmi 121 (yüz iyirmi bir) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1800 (min səkkiz yüz) manat əsas borc, 180 (bir yüz səksən) manat cərimə borcu olmaqla cəmi 1980 (bir min doqquz yüz səksən) manat borc hər üç müqavilə üzrə ümumilikdə 2711 (iki min yeddi yüz on bir) manat borc və 47,11 (qırx yeddi manat on bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar