Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-292/2025 30.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, 1221.80 manat əsas, 183.20 manat cərimə borcu olmaqla, cəmi 1405 manat borcun və 34.05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-ci il tarixli № ********* saylı müqaviləyə əsasən aldığı "Samsung" markalı mobil telefon və qulaqlığın dəyəri olan 1468.08 manat məbləğində pulu hər ay aylıq 82 manat olmaqla (sonuncu ay 74.08 manat) 18 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş MKTİB-nin Yataqxana komendantı tərəfindən verilmiş məlumata əsasən Cavabdeh çatdırılmamışdır. Cavabdeh qeyd edilmiş ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli ********* saylı Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh dəyəri 1468.08 manat olan mobil telefonu 18 ay müddətinə hər ay aylıq 82 manat (sonuncu ay 74.08 manat) olmaqla İddiaçı MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə 246.20 manat ödəniş etmiş, hazırda iddiaçıya olan borcu 1221.80 manat əsas, 1832 manat cərimə borcu olmaqla, cəmi 3053.80 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən 1221.80 manat əsas, 1832 manat cərimə borcu olmaqla, cəmi 3053.80 manat borcunun olması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 34.05 manat məbləğində dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 183.20 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1221.80 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 1241.80 manat məbləğində pul və 34.05 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1221.80 (bir min iki yüz iyirmi bir manat səksən qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1241.80 (bir min iki yüz qırx bir manat səksən qəpik) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.05 (otuz dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva