Məhkəmə qərarları › İş №e-2(051)-347/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-347/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-347/2023 11.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BSM000118 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 300 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X2 arasında imzalanmış faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X2-nin Cavabdeh qarşı olan 300 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Ferrum Kapital” MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehin 300 manat əsas borc və 45 manat cərimə olmaqla, cəmi 345 manat borcu qalmışdır. Həmin borcun, 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı pulun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BSM000118 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə hissə-hissə ödəniş şərti ilə 6 ay müddətinə 300 manat məbləğində nisyə mal verməyi, cavabdeh ödəniş cədvəlinə əsasən müəyyən edilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığı kişi geyimlərinin qiymətini 6 ay müddətinə, hər ay 50 manat olmaqla ödəməlidir. İşdə olan təhvil-təslim aktından görünür ki, Cavabdeh qiyməti 300 manat olan kişi geyimlərini iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 300 manat əsas borc və 45 manat cərimə olmaqla, cəmi 345 manat borcu vardır. İşə İddiaçı QSC ilə X1 arasında imzalanmış 11 yanvar 2022-ci il tarixli R-1101/22 saylı faktorinq müqaviləsi əlavə edilmişdir. İşə İddiaçı QSC ilə X2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli R-1101/22 saylı faktorinq müqaviləsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli R-11xx/xx-0036 №li saziş əlavə edilmişdir. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 45 manat cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 4 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 300 manat əsas borc və 4 manat cərimə olmaqla, cəmi 304 manat tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 300 (üç yüz) manat əsas borc və 4 (dörd) manat cərimə olmaqla, cəmi 304 (üç yüz dörd) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar