Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-361/2024 21.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05032092 №li müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********80984 olan “X1 11” markalı telefon almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə İMEİ kodu **********80984 olan “X1 11” markalı telefon üçün 353.20 manat əsas borc, 35.80 cərimə olmaqla cəmi 389 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-dən “X1 11” markalı telefon almışdır. 2023-cü ilin fevral, mart aylarına ödəniş cədvəlinə uyğun borcunu ödəməmişdir. 2023-cü ilin aprel ayında telefonuna xəbərdarlıq gəlmiş, bildirilmişdir ki, borcunu ödəməsə telefonu bağlanacaq. Daha sonra aprelin 11-i 3 aylıq borcunu ödəmişdir. Telefonu açılsa da, daha sonra yenidən bağlanmışdır. Daha sonra mağazaya yaxınlaşıb telefonun niyə bağlandığını soruşduqda onun aylığı gecikdirdiyi üçün 20 manat cərimə borcu yarandığı və həmin cəriməni ödəyəcəyi təqdirdə telefonunun açılacağını bildirmişlər. O, cərimə borcunu ödəmək istəmir. Telefonu aşıldığı halda yenidən bağlanması qanunsuz olduğundan aprel ayından bu yana ödənş cədvəlinə uyğun olaraq borcunu ödəməmişdir. Telefonunu açsaydılar borcunu ödəyəcəkdir. Ona görə indiyə kimi qalıq borcunu ödəməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05032092 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh İMEİ kodu **********80984 olan “X1 11” markalı telefonu verməyi, Cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığı əşyanın qiymətini 12 ay müddətinə, hər ay 59.25 manat olmaqla ödəməlidir. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********80984 olan “X1 11” markalı telefonu iddiaçıdan təhvil almışdır. xx.xx.2023-cü il tarixli cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. xx.xx.2023-cü il tarixli 37216 nömrəli qəbzdən görünür ki, Cavabdehİddiaçı MMC-ə 357.80 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 05032092 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********80984 olan “X1 11” markalı telefonu vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Müqavilənin şərtinə görə cavabdehə 35.80 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır.Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 10 manat məbləğində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 353.20 (üç yüz əlli üç manat iyirmi qəpik) manat əsas borc və 10 (on) manat cərimə olmaqla, cəmi 363.20 (üç yüz altmış üç manat iyirmi qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 353.20 (üç yüz əlli üç manat iyirmi qəpik) manat əsas borc və 10 (on) manat cərimə olmaqla, cəmi 363.20 (üç yüz altmış üç manat iyirmi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-361/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-361/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver