Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-466/2022 04.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən öhdəliyin icra edilməməsinə görə 27749,4 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində bildirmişdir ki, fiziki şəxs kimi satıcı qismində sahibkarlıq fəaliyyət göstərən İddiaçı alıcı qismində sahibkar Cavabdeh arasında malın satılması haqqında razılaşmaya əsasən o satıcı olaraq cavabdehə nəzərdə tutulmuş malları satmağı alıcı isə alınmış malın müqabilində nəzərdə tutulmuş ödənişləri ödəməyi öz öhdaəsinə götürmüşdür. Satılan malın qiyməti topdan satış fakturaları ilə müəyyən olunmuşdur. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin faktiki halları ilə bağlı cavabdehə araıarında olan razılaşmaya əsasən tərəfindən 2019-2020-ci illərin müxtəlif tarixlərində ümumi dəyəri 27719,40 manat dəyərində yorğan pastel , yastıq və.s topdan satışla alıcıya təhfil verilmişdir. Razılaşmaya uyğun olaraq satış fakturaları ilə mallar alıcıya təhfil verilmiş, alıcı tərəfindən heç bir narazılıq və iddiası olmadan həmin mallar qəbul edilmişdir. Alıcı tərəfindən mallar qəbul edilsə də onun 27719,40 manat dəyəri onalra ödənilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh h\əmin pulu qaytarmaqdan yayınmış, hər dəfə bir bəhanə gətirərək öhdəliyin icrasından boyun qaçırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilib ki, o, İddiaçı ilə arasında olan müqavilə əsasında mal alıb mal satıldığı qeyd edilmişdir. Əslində isə iddia da qeyd edilənəlrəin heç biri doğru deyil. O, 2014-cü ildə İddiaçı yanında sürücü olaraq yük daşıyan kimi işləmişdir. İddiaçı özünün iştirakı ilə mallar maşınlara yüklənərək rayonlara satılmaq üçün aparılırdı. Onlar malları yükləyirdi o, isə həmin malları rayonlara çatdırırdı. 2017-2018-ci illər aralğında onların bu işi davam etdi. Ondan sonra aralarında hansısa mübahisələr yarandı onlar bu işi dayandırdılar. O, iddia ərizəsində qeyd edir ki, hesab faktura əsasında aralarında müqavilə bağlanmışdır. Lakin o heç bir hesab fakturaya və ya hansısa bir sənədə imza etməmişdir. Həmin qeyd olunan hesab faktura və ya digər sənədlərin hansı qaydada hazırlanmasından da onun ümumiyyətcə heç bir məlumatı yoxdur. O bir daha qeyd dir ki, öz adına heç bir mal rəsmiləşdirməmiş və almamışdır. O, sadəcə olaraq orada sürücü kimi amalların daşınmasını həyata keçirmişdir.Bundan əlavə qeyd oluanan malları özlərinin nümayəndələrinin iştirakı ilə alıcılara təhfil vermişdir. İddiaçının qeyd etdiyi kimi səs yazıları ona aiddir lakin qeyd olunan səs yazıları İddiaçı oğlu ilə arasında olan səs yazılarıdır. Orada qeyd olunan mallarıda o qəbul etməmişdir. Ona heç bir mal göndərilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da məhkəmə iclası zamanı iddianı qəbul etmədi əsasən iddia ərizəsinin məzmununa və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi, həmçinin məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, iddiaçının oğludur, o, atasının işlərini görür. Uzun illərdir tekstillə məşğulı olurlar. Cavabdeh olan Ələsgər Məmmədov uzun müddətdir onlarla işləyir. Dəfələrlə olub ki, atası Mingəçevirdə onun qonağı olub. Uzun müddət evlərinə də gəlib gedib münasibət yaxşı olub. Ələsgər Məmmədov nə mal istəyibsə atası ona həmin malları borc olaraq vermişdir. Atası yalnız bir adama borc verirdi oda Ələsgər Məmmədov olub O, cavabdeh və iddiaçı arasında olan alqı-satqılar barədə hesabatı onların yazışmaları əsasında qeydə almışdır. O, cavabdehlə müntəzəm olaraq votsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. O yazışmada Ələsgərə borcunun necə olacağını bildirib Ələsgər isə hələlik işlərin zəif olduğunu, lakin qalan borcu nə təkzib edir nədə etiraf edir. Əgər Ələsgər borcu rədd edirsə nəyə görə atasının ona mal daşımaq üçün verdiyi Fordu sonradan böyük nməbləğdə öz adına keçirmişdir. O, 2019-cu ildə iddiaçıya 27719,40 manat borcu qalması barədə cavabdehə votsab vasitəsilə yazmış, lakin cavabdeh ona heç bir fikr bildirməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan müxtəlif tarixli topdan satış fakturalarında (qaimələrdə) müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 27719,40 manat məbləğ göstərilmiş, lakin fakturalarında (qaimələrdə) təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında şifahi formada nisyə alqısatqı müqaviləsi bağlandığını, cavabdehin həmin müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyini göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, şahid ifadələrinin və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tələbini əsaslandırdığı topdan satış fakturalarını məhkəməyə təqdim etmiş, ancaq topdan satış fakturalarında müxtəlif növdə malların qiymətləri və qalıq borc kimi 27719,40 manat məbləğ göstərilmiş, təhvil verən və alan şəxslərin adları və imzaları qeyd edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçı ilə heç bir hesab fakturaya və ya hansısa bir sənədə imza etmədiyini bildirir. Qeyd olunan hesab faktura və ya digər sənədlərin hansı qaydada hazırlanmasından da onun ümumiyyətcə heç bir məlumatı olmadığını bildirir. İddiaçı tərəf isə cavabdehlər aralaeında olan votsap səs yazılarını və hesab faktura olduğunu əsas gətirərək sübut növü kimi məhkəməyə təqdim edirlər. Bununla bağlı isə həmin halların sübut növü kimi hər hansı fakta əsaslandığına dair məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Eləcə də, iddiaçı cavabdehə satılan malların topdan və yaxud pərakəndə satışı ilə məşğul olmasına, həmçinin həmin fəaliyyətini davam etdirməsinə dair sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə onunla müqavilə münasibətində olmadığını bildirməklə, iddiaçı tərəfin istinad etdiyi dəlilləri təkzib etmişdir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması faktı öz təsdiqini tapmadığında və iddiaçı tərəf məhkəmə iclasında həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verən sübutlar təqdim edə bilmədiyinə, cavabdeh tərəf isə iddianı etiraf etmədiyinə görə tərəflər arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Məhkəmə şahid ifadəsuinə hüquqi qiymət verərək hesab edir ki, şahid iddiaçının yaxın qohumu yəni, oğlu olduğu üçün onun verdiyi ifadə inandırıcı deyil, və hal hazır ki, iş üçün əhəmiyyət kəsb etmir. Ona görə də şahid ifadəsinə tənqidi yanaşaraq möhtəbər sübut kimi qəbul etmir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 27719,40 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №e-2(051)-466/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-466/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver