Məhkəmə qərarları › İş №e-2(051)-558/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-558/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-558/2025 30.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 470 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-nin pul tələbinə dair iddiasına etiraz verərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-558/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, MİK6136781 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərtilə dəyəri 719 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 14 manat ilkin ödəniş etməklə, qalan 705 manat məbləğində pulu 15 ay müddətinə aylıq 47 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş, qismən ödənişlər etdikdən sonra iddiaçıya 470 manat borcu qalmışdır. Tərəflərin izahatları : İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixli, MİK6136781 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən “Samsung” markalı paltaryuyan maşını İddiaçı MMC-dən əldə etmişdir. Qiymət 719 manat olmuşdur. Cəmi 249 manat ödəniş etmişdir. Daha sonra ona verilən əşyanın azfunksiyalı olduğunu müəyyən etmişdir. Bununla bağlı satıcıya məlumat vermişdir. Ona görə də qrafiklə nəzərdə tutulmuş qalan ödənişi etməmişdir. Bu barədə iddiaçıya dəfələrlə müraciət etsə də, ona heç bir köməklik edilməmişdir. Bununla belə həmin paltaryuyanı istifadə edir. İşlək vəziyyətdədir. İş materialları: xx.xx.2021-ci il tarixli, MİK6136781 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə dəyəri 719 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 14 manat ilkin ödəniş etməklə, qalan 705 manat məbləğində pulu 15 ay müddətinə aylıq 47 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən “Samsung WM” markalı əşyanın qəbul edilməsinə dair xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı imzalanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-yə ödənilməyən əsas borcu 470 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənmişdir. xx.xx.2021-ci il tarixli, MİK6136781 saylı nisyə alqı-satqı müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 47 manat ödəməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 235 manat ödəniş etmişdir. İşin faktiki halı : Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, MİK6136781 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərtilə dəyəri 719 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 14 manat ilkin ödəniş etməklə, qalan 705 manat məbləğində pulu 15 ay müddətinə aylıq 47 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin qeyd olunan paltaruyana görə cəmi 249 manat ödəniş etmişdir. Cavabdehin iddiaçıya 470 manat borcu qalmışdır. Cavabdeh azfunksiyalıəşya verilməsi ilə bağlı ödəniş etməkdən imtina etdiyini bildirmişdir. Cavabdeh 2021-ci ildən aldığı əşyanı istifadə edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdeh alğı-satqı müqaviləsinin icrasından imtina etməmiş və ya əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etməmişdir. Əksinə aldığı əşyanı 3 ildən artıq müddətdir ki, istifadə edir. Əşya işlək vəziyyətdədir. Cavabdeh öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Ona görə də qalan borcunu ödəməlidir. Beləliklə iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, MİK6136781 nömrəli kredit müqaviləsi üzrə 470 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MİK6136781 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 470 (dörd yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar