Məhkəmə qərarları › İş №e-2(051)-834/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-834/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-834/2022 08.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakıilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2 (051)-834/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqaviləyə əsasən cavabdehə hissə-hissə ödəniş şərti ilə 18 ay müddətinə, aylıq 64,8 manat olmaqla, Playstation oyun konsulu, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləyə əsasən hissə-hissə ödəniş şərti ilə 9 ay müddətinə, aylıq 71.6 manat olmaqla, Xiaomi Redmi 9T markalı telefon, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqısatqı müqaviləyə əsasən hissə-hissə ödəniş şərti ilə 6 ay müddətinə, aylıq 25,1 manat olmaqla, Xioami qulaqlıq, Power bank vermişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Hazırda cavabdehin 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqaviləyə əsasən 1166,4 manat əsas borc və 116,6 manat cərimə olmaqla, cəmi 1283 manat, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləyə əsasən 644,4 manat əsas borc və 64,6 manat cərimə olmaqla, cəmi 709 manat, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqı-satqı müqaviləyə əsasən 150,6 manat əsas borc və 15,4 manat cərimə olmaqla, cəmi 150,6 manat borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 41,58 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh üvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 64,8 manat olmaqla, 18 ay müddətində ödəmək şərti ilə Playstation oyun konsulunu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2021-ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı hissə-hissə, hər ay 71.6 manat olmaqla, 9 ay müddətində ödəmək şərti ilə Xiaomi Redmi 9T markalı telefonu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqı-satqı müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 25,1 manat olmaqla, 6 ay müddətində ödəmək şərti ilə Xioami qulaqlıq, Power bankı cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilən əşyaların təhvil verilməsi ilə bağlı tərəflər aktı imzalamışlar. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 26 fevral 2021-ci il tarixli 22319466 №li saylı alqı-satqı müqaviləsinə əsasən 116,6 manat cərimə, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı alqı-satqı müqaviləsinə əsasən 64,6 manat cərimə, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı alqı-satqı müqaviləsinə əsasən 15,4 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 26 fevral 2021ci il tarixli 22319466 saylı alqı-satqı müqaviləsinə əsasən 10 (on) manat cərimə, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı alqı-satqı müqaviləsinə əsasən 5 (beş) manat cərimə, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı alqı-satqı müqaviləsinə əsasən 2 (iki) manat cərimə məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə hissə-hissə ödəniş şərti ilə 18 ay müddətinə, aylıq 64,8 manat olmaqla, Playstation oyun konsulu, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləyə əsasən hissə-hissə ödəniş şərti ilə 9 ay müddətinə, aylıq 71.6 manat olmaqla, Xiaomi Redmi 9T markalı telefon, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqısatqı müqaviləyə əsasən hissə-hissə ödəniş şərti ilə 6 ay müddətinə, aylıq 25,1 manat olmaqla, Xioami qulaqlıq, Power bank satmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Nəticədə onun 2158 manat borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1166,4 manat əsas borc və 10 manat cərimə olmaqla, cəmi 1176,4 manat, 20 yanvar 2021ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 644,4 manat əsas borc və 5 manat cərimə olmaqla, cəmi 649,4 manat, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150,6 manat əsas borc və 2 manat cərimə olmaqla, cəmi 152,6 manat, ümumilikdə 1978,4 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 41,58 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 26 fevral 2021-ci il tarixli 22319466 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1166,4 (min yüz altmış altı manat qırx qəpik) manat əsas borc və 10(on) manat cərimə olmaqla, cəmi 1176,4 (min yüz yetmiş altı manat qırx qəpik) manat, 20 yanvar 2021-ci il tarixli 22222292 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 644,4 (altı yüz qırx dörd manat qırx qəpik) manat əsas borc və 5 (beş) manat cərimə olmaqla, cəmi 649,4 (altı yüz qırx doqquz manat qırx qəpik) manat, 20 yanvar 2021-ci il tarixli 22222352 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150,6 (yüz əlli manat altmış qəpik) manat əsas borc və 2 (iki) manat cərimə olmaqla, cəmi 152,6 (yüz əlli iki manat altmış qəpik) manat, ümumilikdə 1978,4 (bir min doqquz yetmiş səkkiz manat qırx qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 41,58 (qırx bir manat əlli səkkiz qəpik) manat pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar