Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-912/2024 25.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 133.99 manat ödənilməmiş hissə, 55.23 manat cərimə olmaqla, cəmi 189.22 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 1 ədəd “Vestel” markalı kondisioner verilmişdir. Bu müqaviləyə əsasən satıcı alıcıya Təhvil-təslim aktında göstərilən malı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. İddiaçı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh ödəniş cədvəli üzrə borcun ödənilməsi öhdəliyinə riayət etməmişdir. Hazırda cavabdehin müqavilə üzrə 189.22 manat borcu mövcuddur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. X1mayan Kredit təşkilatı MMC ilə müştəri Optimal Elektronika MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən, Optimal Elektronika MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli nisyə alğı-satqımüqaviləsindən irəli gələn pul tələbini “X1mayan Kredit Təşkilatı MMC-yə güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş 4 saylı MİS tərəfindən yazılmış məlumata əsasən xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh çatdırılmışdır. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Satıcı "xxxx" MMC-i ilə alıcı Cavabdeh arasında dəyəri 699.99 manat olan «Vestel» markalı kondisioner 12 ay müddətinə hissə-hissə hər ay 65 manat, sonuncu ay üçün isə 68.99 manat ödəmək şərtilə xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı malın nisyə alqısatqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli Faktorinq müqaviləsinə əsasən “X1mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1mayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə müqavilə üzrə 133.99 manat ödənilməmiş hissə, 55.23 manat cərimə olmaqla, cəmi 189.22 manat borcu mövcuddur. Həmin müqavilənin 5.6 bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi alıcı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1.1-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərinin yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, alğı-satqı müqaviləsi və faktorinq müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı müqavilə üzrə 133.99 manat əsas borc, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 143.99 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdehə aid edilməlidir. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MNGK04051 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 133.99 (bir yüz otuz üç manat doxsan doqquz qəpik) manat əsas borc, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 143.99 (bir yüz qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-912/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-912/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver