Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1033/2023 31.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 685,20 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 715,60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 30 sentyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Mercedes Benz» markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı – Quba yolunun 13-cü kilometrliyində hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 8p/m metal təhlükəsizlik səddinə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında 30 sentyabr 2022-ci il tarixli TP ******* saylı qərara əsasən «Mercedes Benz» markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 8 p/m metal təhlükəsizlik səddinə 685,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsultiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığrtaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Buna görə də «Mercedes Benz» markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Eyni Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 715,60 manat məbləğində pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 dekabr 2021-ci il tarixli, PME ********** nömrəli «İcbari sığorta müqaviləsinə dair məlumat»dan görünür ki, X1 məxsus istehsal ili – 1999-cu il, mühərrikinin həcmi 2200 və ban nömrəsi WDB2100061A972768 olan ** KG *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E 220 CDİ MİNİK» markalı nəqliyyat vasitəsi 15 dekabr 2021-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək İddiaçı ASC tərəfindən 5.000 manat məbləğində icbari sığorta növü ilə sığorta edilmişdir. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemi və Cavabdeh alınmış izahatın surətindən görünür ki, cavabdeh 30 sentyabr 2022-ci ildə idarə etdiyi «Mercedes Benz» markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 13-cü kilometrliyində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobilin yolun metal təhlükəsizlik səddinə çırpılması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş TP seriyalı ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarın surətindən görünür ki, həmin qərarla ** KG *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E 220 CDİ MİNİK» markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli ********* nömrəli məktubun surətindən görünür ki, həmin məktubla 30 sentyabr 2022-ci il tarixində, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-cü kilometrliyində, «Mercedes Benz» markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində 8 p/m metal təhlükəsizlik səddi, 1 ədəd yol nişanı və 1 ədəd metal başlıq yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 685,20 manat məbləğində ziyan dəymişdir. Qeyd edilən nəqliyyat vasitəsinin İddiaçı ASC tərəfindən sığortalandığı nəzərə alınmaqla yol təsərrüfatına dəymiş ziyanın məktubda göstərilən hesaba ödənilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən ödəyənin bankı "xxxx" ASC, alanın bankı "xxxx" ASC olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına 685,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli İAS230291 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 13 dekabr 2021-ci il tarixli PME ********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığortalanmış ** KG *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E 220 CDİ MİNİK» markalı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına ödənilmiş sığorta ödənişinə görə sığortaçının subroqasiya hüquq yaranmış, subroqasiya hüququnun məbləği 685,20 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətlərindən görünür ki, buraxılış ili 1999, ban nömrəsi WDB2100061A972768 olan ** KG *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E 220 CDİ MİNİK» markalı avtomobilin sahibi X2r və onun tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti verilmişdir. İş matriallarına əlavə olunmuş 07 mart 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən zərərçəkmiş hüquqi şəxsə ödəniləcək sığorta ödənişi məbləğinin ondan tələb ediləcəyi barədə məlumatlandırılmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən «Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsultiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığrtaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh sığorta ödənişinin əvəzi 685,20 manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Ona görə də iddiaçının bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 30,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 685 (altı yüz səksən beş) manat 20 (iyirmi) qəpik məbləğində sığorta ödənişinin əvəzi və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 715 (yeddi yüz on beş) 60 (altmış) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1033/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1033/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver