Məhkəmə qərarları › İş №e-2(053)-1086/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1086/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1086/2023 16.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150 manat məbləğində əsas borcun, 45 manat məbləğində cərimənin və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 10 manatın, ümumilikdə 205 manat vəsaitin, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Satıcı» İddiaçı MMC ilə Cavabdeh arasında 12 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən «Satıcı» xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış dəbilqəni «Alıcı»nın mülkiyyətinə verir. «Alıcı» isə 270 manat məbləğində dəbilqənin dəyərini müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq «Satıcı»ya ödəməyi öhdəsinə götürür. 04 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 150 manat təşkil edir. Cavabdehə dəfələrlə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şiyahi qaydada, 11 avqust 2023-cü il tarixdə isə yazılı qaydada pretenziya məktubu ilə müraciət olunsa da o, ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. 12 mart 2022ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində dəbilqə aksesuarının dəyəri ödənilmədiyi təqdirdə «Alıcı» «Satıcı»ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 784 manat təşkil etsə də, ona güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 faizi həcmində, cəmi 45 manat dəbbə pulu tələb edilməkdədir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsindən və 01 saylı əlavədən görünür ki, İddiaçı MMC – «Satıcı», Cavabdeh – «Alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 270 manat olan «ATOM SV W17 A2 MATT GREY» markalı aksesuar nisyə satılmışdır. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat məbləğində əsas borcu, gecikdirilmiş müddətə görə hesablanmış 784 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 10,75 manat borcu yaranmışdır. Qeyd olunur ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə güzəşt faizi tətbiq edildiyi göstərilərək, cavabdehdən əsas borc məbləğinin 30 faizi həcmində, cəmi 45 manat dəbbə pulu tələb edilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu hər bir müqavilə üzrə 5 manat məbləğinə qədər azaldılmalıdır. Həmçinin İddiaçı MMC cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 10 manat pul tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 3-cü bəndinə əsasən kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı MMC cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 10 manat (əldən çıxmış fayda) məbləğində pulun tutulmasını tələb etsə də, məhkəməyə bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdehə qarşı borc tələbinə dair iddiası gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 10 manat (əldən çıxmış fayda) məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 13 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat məbləğində əsas borc və 5 manat cərimə olmaqla, ümumilikdə 155 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 150 (yüz əlli) manat əsas borc və 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 155 (yüz əlli beş) manat məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar