Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1478/2025 29.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X3 və X10 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğvi və hesablanmış debitor borcların silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yaşadığı fərdi yaşayış evinin elektrik enerji təchizatı ilə bağlı hesablaşmaların aparılması üçün quraşdırılmış sayğaclara baxış keçirilməsi barədə 14 mart 2018-ci il tarixli, 095086 nömrəli və 17 fevral 2020-ci il tarixli, 169587 nömrəli aktların qanunsuz hesab edilməklə ləğv edilməsi və bununla bağlı hesablanmış ümumi 954 manat məbləğində debitor borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin 28 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatı məqsədilə mərhum əri X9 ilə cavabdeh enerji təchizatı müəssisəsi arasında müəyyən edilmiş tarif üzrə aylıq hesablaşmalar qarşılığında elektrik enerjisinin verilişinə dair razılıq əldə edilmiş və bu barədə elektrik enerjisinin alğı-satqısı barədə birtipli müqavilə bağlanmışdır. Mərhum əri Azad Rzayev 01 yanvar 2011-ci il tarixdə vəfat etdiyindən eyni abonent kodu 01 avqust 2025-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar müvafiq hesablaşmaların aparılmasını təmin etmək üçün quraşdırılmış sayğac yaşayış yerindən təxminən 300 metr aralıda yerləşən elektrik dirəyinə bərkidilmiş və iştirakları olmadan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən vaxtaşırı yoxlanmışdır. 14 mart 2018-ci il tarixdə aparılmış yoxlamalarda ********** seriya nömrəli, DDS-26 tipli sayğacın üst möhüründə müdaxilə izləri, alt qapaq möhürünün olmaması aşkar olunmuş və bu səbəbdən sayğacın keçən enerjini qeyd etmədiyi müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar 169587 nömrəli akt tərtib edilmiş, sayğac yenisi ilə əvəzlənərək köhnə sayğac müayinə edilməsi və rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Yeni quraşdırılmış ******* seriya nömrəli, “VİKO” tipli sayğaca 17 fevral 2020-ci il tarixdə keçirilmiş baxış zamanı isə sayğacın klemniklərinin qızaraq istifadəyə yararsız hala düşməsi müəyyən edilmiş, sayğacın yeni sayğacla əvəzlənməsi qərara alınmışdır. Bu barədə 095086 nömrəli akt tərtib edilmişdir. Yuxarıda göstərilən aktlarla bağlı 816 manat və 138 manat olmaqla, ümumilikdə 954 manat məbləğində debitor borc müəyyən olunmuşdur. Hər iki akt bu barədə mövcud qanunvericilik normalarının tələblərinə cavab vermir. Belə ki, hesablayıcı sayğaclar ona nəzarət imkanlarının tam məhdudlaşdırıldığı rejimdə quraşdırılmış və sayğaca baxış onların və hal şahidlərinin iştirakı olmadan həyata keçirilmişdir. Bununla da mübahisələndirilən aktlar göstərilən şəxslərin imzaları olmadan tərtib edilmişdir. Hesab edir ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi təchizatı ilə bağlı hesablaşmaların aparılması üçün quraşdırılmış sayğaclara baxış keçirilməsi barədə 14 mart 2018-ci il tarixli, 095086 nömrəli və 17 fevral 2020-ci il tarixli, 169587 nömrəli aktlar qanunsuz hesab edilməklə ləğv edilməli və bununla bağlı hesablanmış ümumilikdə 954 manat məbləğində debitor borc silinməlidir. Göründüyü kimi, enerji təchizatı müəssisəsi tərəfindən tərtib edilən aktlar qanunvericiliyə uyğun tərtib edilməməklə yanaşı, həmin aktlar əsasında dəymiş zərərlə əlaqədar müəyyən edilmiş debitor borclar da bilavasitə enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı risk qrupuna dair hallarla bağlıdır. Bundan əlavə, mənzil sakinlərinin aşkar olunmuş nöqsanlara aidiyyəti qeyri-müəyyəndir və onların bu nöqsanlarda təqsirliliyi heç nə ilə təsdiqlənmir. Ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı gəlməmiş, lakin 28 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək əlil uşağının sağlamlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş, lakin nümayəndəsi X6 09 dekabr 2025-ci ildə məhkəməyə məktub ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvan **********00048 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na əsasən 21 may 2018-ci il və 11 mart 2020-ci il tarixlərdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğaca müdaxilə etdiyi halları aşkar olunmuşdur. Buna əsasən də “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 21 may 2018-ci il tarixli 095086 nömrəli akta əsasən 816,42 manat, 11 mart 2025-ci il tarixli 169587 saylı akta əsasən isə 138,09 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Hesab edir ki, iddia əsassızdır və buna əsasən də iddianın təmin olunmamasını xahiş edir. Abonentin istifadə etdiyi elektrik enerjisinə görə ödənilməmiş 1.133 manat debitor borcu var. Üzrlü səbəblərə görə həmin məhkəmə prosesində iştirak edə bilmədiklərini bildirib, işə iştirakları olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şirvan RETSİ X5 ilə X9 (İddiaçı) arasında bağlanmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsi”ndən görünür ki, müəyyən edilmiş tarif üzrə aylıq hesablaşmalar qarşılığında elektrik enerjisinin verilişinə dair razılıq əldə edilmiş və bununla bağlı tərəflər arasında müqavilə bağlanmışdır. 14 mart 2018-ci il tarixdə tərtib olunmuş 095086 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, “sayğacın üst A möhüründə müdaxilə izləri var. Alt qapaq möhürü yoxdur. Qapağın altında A möhürləri müdaxiləlidir. Sayğac keçən enerjini qeyd etmir. Sayğacdan axan yük amper masa ilə ölçüldü İ = 8A oldu. Tələb: Sayğac yeni sayğacla əvəz edilsin, çıxarılan sayğac laboratoriyada yoxlanılsın və rəy verilsin”. 17 fevral 2020-ci il tarixdə tərtib olunmuş 169587 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, “mənzilə quraşdırılmış hesabat sayğacının klemnikləri qıraraq sayğac istismara yararsız vəziyyətə salınmışdır. Debitor borcu üzrə xətt dövrədən açıldı. Tələb: Akta əsasən hesabat aparılsın, sayğaca rəy verildikdən sonra yenisi ilə əvəz olunub tələblərə uyğun qəbul edilsin”. Yuxarıda qeyd olunan aktların tərtibi, o cümlədən sayğaca baxış keçirilməsi ilə əlaqədar iddiaçının dəvət olunması, ona aktı imzalaması təklif edildiyi, sonuncunun aktı imzalaması və ya imzalamaqdan imtina etməsi, habelə s. bu kimi hallar aktların məzmunundan görünmür. "xxxx" ASC-nin **********00048 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqindən görünür ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla ayrı-ayrılıqda 138,09 manat və 816,42 manat olmaqla, ümumilikdə 954,51 manat məbləğində borc yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 14 mart 2017-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” barədə aktın surətindən görünür ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yerləşən **********00048 kod nömrəli abonentin sayğacına baxış keçirilərkən aşkar edilmiş qüsur barədə aktda qeyd olunur: “Sayğacın gövdəsi yuxarı üst hissədən sol tərəfdə h.mexanizmi istiqamətindən sındırılıb, h.mexanizminin rəqəmlərində çoxsaylı cızıqlar var. H.mexanizminə müdaxilə, çəkiliş aparıldı.” Aktın məzmunundan görünür ki, abonentin 816,42 manat məbləğində borclu olması qərara alınıb. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 17 fevral 2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” barədə aktın surətindən görünür ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yerləşən **********00048 kod nömrəli abonentin sayğacına baxış keçirilərkən qüsur aşkar edilmiş, abonentin 138,09 manat məbləğində borclu olması qərara alınmışdır. İddiaçı bildirir ki, o, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə abonentin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 4.1-ci maddəsinə əsasən “Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir”. Həmin qaydaların 7.11-ci maddəsinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh məhkəməyə bu halı təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2018-ci il tarixli 095086 nömrəli və 17 fevral 2020-ci il tarixli 169587 nömrəli aktlar isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməzlər. Ona görə də məhkəmə hesab edir ki, aktlarda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə ümumilikdə 954,51 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 mart 2018-ci il tarixli 095086 nömrəli və 17 fevral 2020-ci il tarixli 169587 nömrəli aktlar ləğv edilsin. İddiaçı (abonent № **********00048, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndi) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 954 (doqquz yüz əlli dörd) manat 51 (əlli bir) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1478/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1478/2025
29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver