Məhkəmə qərarları › İş №e-2(053)-1580/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1580/2025

26.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1580/2025 26.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ X1 Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 876,1 (səkkiz yüz yetmiş altı manat on qəpik) manat həcmində zərər məbləği ilə bağlı cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin əməkdaşları tərəfindən qaz istehlakı ilə əlaqədar növbədənkənar yoxlama əsasında Neftçala rayonunun Astanlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evində küçədə daş hasara bərkidilmiş G-4T markalı, **********1 nömrəli qaz sayğacına baxış keçirilmiş, “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, DYM- 1390/2025/02 nömrəli protokuluna əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağınının alt hissəsinin fiziki təsiri nəticəsində deşici alətlə deşilməsi ilə bağlı istismara yararsızlığı müəyyən edilmişdir. Təbbi qazın uçotu və ondan istifadə qaydalarının yoxlanılması nəticəsində aşkarlanan halla bağlı dəymiş ziyanın bərpası xx.xx.2025-ci il tarixli, ******* nöməli akt əsas götürməklə dəymiş ziyanın bərpasına dair tələbnamə ilə üzərinə qoyulmuşdur. Aşkarlanmış nöqsanla əlaqədar təqsirini qəbul etməmiş və akt iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı hesab edir ki, Cavabdeh İB-nin Salyan RQİİ tərəfindən tərtib edilmiş ******* nömrəli akt ləğv edilməli və hesablanmış 876,1 manat həcmində zərər məbləği ilə bağlı cərimə silinməlidir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Həmçinin, iş materiallarına əlavə edilmiş Salyan RQİİ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2025-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmiş, göstərici çarxların üzərində əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin DYM-1390/2025/02 nömrəli protokuluna əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağınının alt hissəsinin fiziki təsiri nəticəsində deşici alətlə deşilmiş, göstərici çarxların üzərində əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarında olan 23 sentyabr 2025-ci tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 0,8x12x90=864 m3 və 2,4x121x90=2592 m3 olmaqla cəmi, 3456 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü il və 2025-ci il üçün akt əsasında 3456 m3 qaz sərfinə görə 876,10 manat hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, ******* saylı Akta əsasən 3456 m3 qaz sərfinə görə **********01720 nömrəli abonent koduna borc hesablanmışdır. İddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 876,1 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş iddiaçıya məxsus sayğaca baxış keçirilmiş sayğacın çıxış plastmas borusunun deşildiyi və istismara yarasız olduğu aşkar olunmuşdur. İtirilmiş qazın bərpası üzrə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuş, 3456 m3 qaz sərfi üçün 876,1 manat hesablanmışdır. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 2592 m3 həcmində, 876,1 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcısının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı - İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin 3456 m3 qaz sərfi üçün hesabladığı 876,1 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********01720 olan) əsassız hesablanmış 876,10 (səkkiz yüz yetmiş altı manat on qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın ləğv edilməsi üçün heç bir əsas olmadığından bu hissədə iddi atələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********01720 olan) əsassız hesablanmış 876,10 (səkkiz yüz yetmiş altı manat on qəpik ) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar