Məhkəmə qərarları › İş №e-2(053)-399/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-399/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-399/2024 04.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Sığorta ödənişinin subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 200 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC-yə məxsus, Cavabdeh tərəfindən idarə olunan **-JD-*** dövlət qeydiyyat nişanlı, “DAF XF 510 FT” markalı avtonəqliyyat vasitəsi 12 noyabr 2021-ci il tarixində "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. 31 mart 2022-ci il tarixində yol- nəqliyyat hadisəsi nəticəsində **-XT-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol- nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. **-XT-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "PAŞA Sığorta” ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün **-XT-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 200 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 07 aprel 2022-ci il tarixli “Sığorta aktı”na əsasən 200 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. 25 may 2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 27 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 29 fevral 2024-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 01 aprel 2022-ci il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "DAF XF 510 FT" markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 (bir) il müddətinə sığortalanmışdır. İşdə olan Binəqədi rayon DYP-nın vəzifəli şəxsi X1 tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 31 mart 2022-ci il tarixdə, saat 13:40-da Binəqədi şosesində yol nəqliyyat hadisəsi baş verdiyi anda “DAF XF 510 FT” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Neftçala rayonu, Həsənabad qəsəbəsi sakini Cavabdeh olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və o, sərxoş olmamışdır. İşdə olan 05 aprel 2022-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, "Mercedes Benz 200" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 200 manat məbləğində ziyan dəymişdir. İşdə olan 07 aprel 2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "Mercedes Benz 200" markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibi X2 200 manat məbləğində sığorta ödənişi verilmişdir. İşdə olan 25 may 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə lazımı qaydada xəbərdarlıq etmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 200 manat məbləğində sığorta ödənişinin əvəzi, 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbləğində xidmət haqqı, cəmi 230,40 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı, cəmi 230,40 (iki yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar