Məhkəmə qərarları › İş №e-2(053)-836/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-836/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-836/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2013-cü il tarixli, PAZ ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə “Chevrolet Astro” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı ASC-də sığorta təminatı almışdır. xx.xx.2014-cü il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Chevrolet Astro" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində Bakı şəhər istiqamətində hərəkətdə olarkən, piyada X5 avtomobillə vurması nəticəsində çox saylı bədən xəsarətləri alaraq ölmünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2015-ci il tarixli, 1(101)-533/2015 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 (iki) il müddətinə məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X1 ölmü ilə bağlı 2000 (iki min) manat məbləğində sığorta ödənişi X2 verilmişdir. Ona görə də Cavabdeh piyada X4 ölümü ilə bağlı iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq 2000 manat məbləğində pul vəsaitinin və 40 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 02 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 04 avqust 2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 07 dekabr 2017-ci il tarixli sığorta aktından görünür ki, "Chevrolet Astro" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 (bir) il müddətinə sığortalanmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2015-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 05 sentyabr 2014-cü il tarixdə, saat 22:00-da Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci km-də piyadanı vurmaqla yol nəqliyyat hadisəsi baş verdiyi anda "Chevrolet Astro" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Neftçala rayonu, Bankə qəsəbə sakini Cavabdeh olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və o, ayıq vəziyyətdə olmuşdur. Sürücü barəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanmış, hadisə nəticəsində zərərçəkmiş şəxs X6 aldığı xəsarətlərdən xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan 07 dekabr 2017-ci il tarixli sığorta aktından və ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 2000 manat məbləğində sığorta ödənişi verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 manat məbləğində sığorta ödənişinin əvəzi və 40 manat məbləğində dövlət rüsumu, cəmi 2040 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində sığorta ödənişinin əvəzi və 40 (qırx) manat məbləğində dövlət rüsumu, cəmi 2040 (iki min qırx) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar