Məhkəmə qərarları › İş №e-2(053)-905/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-905/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-905/2023 28.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 noyabr 2019-cu il tarixli, NFÇK01679 nömrəli müqavilə üzrə 115,60 manat məbləğində qalıq borcu və 108,52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 224,12 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X1mayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında 14 noyabr 2019-cu il tarixli, NFÇK01679 nömrəli nisyǝ alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və ona əlavə edilmiş 1 saylı əlavəyə əsasən, sonuncuya ilkin ödənişi 50 manat olmaqla, 12 ay müddətinə hissə-hissə hər ay üçün 33 manat, sonuncu ay üçün isə 36 manat ödəmək şərti ilə 449 manat dəyərində məişət texnikası nisyə satılmış və təhvil-təslim aktı üzrə ona təhvil verilmişdir. Cavabdeh müqavilənin və tərəflər arasında tərtib edilmiş "ödəniş qrafiki"nin şərtlərinə əməl etməmiş, habelə borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 14 noyabr 2019-cu il tarixli, NFÇK01679 nömrəli müqavilə üzrə qalıq borcu 115,60 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüş cavabdehin iddiaçı qarşısında müqavilə üzrə cərimə borcu 631,76 manat təşkil edir. Buna baxmayaraq cavabdehə güzəşt tətbiq edilərək ondan cəmi 108,52 manat məbləğində cərimə tələb edilir. Hazırda cavabdehin iddiaçı qarşısında 14 noyabr 2019-cu il tarixli, NFÇK01679 nömrəli müqavilə üzrə 115,60 manat qalıq borcu və 108,52 manat cərimə borcu olmaqla, cəmi 224,12 manat borcu yaranmışdır. Bildirilir ki, faktor "X1mayan Kredit Təşkilatı" MMC ilə müştəri "xxxx" MMC arasında 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsi bağlanmışdır. Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, NFÇK01679 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul vəsaitini tələb etmək hüququ "X1mayan Kredit Təşkilatı" MMC-yə keçmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh 14 noyabr 2019-cu tarixli NFÇK01679 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin "X1mayan Kredit Təşkilatı" MMC-yə güzəşt edilməsi barədə bildiriş verilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən "Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir". Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən "Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir". Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən "Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər". Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən "Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır". Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən "İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir". Məhkəmə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 noyabr 2019-cu il tarixli “nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, "xxxx" MMC – “Satıcı”, Cavabdeh – “Alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən satıcı alıcıya siyahısı təhvil-təslim aktında (Əlavə 2) göstərilən malı satır. Alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli “nisyə alqı-satqı müqaviləsi”nə 1 nömrəli əlavədən görünür ki, ümumi nisyə məbləği 449 manat, ilkin ödənişi 50 manat olmaqla, 12 ay müddətinə hissə-hissə hər ay üçün 33 manat, sonuncu ay üçün isə 36 manat ödənilməsi nəzərdə tutulmuş ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 14 noyabr 2020-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli “Təhvil-təslim aktı”nın surətindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən 449 manat dəyərində məişət avadanlığı olan 1 ədəd “SİMFER F7312 SGRGİ” markalı qaz plitəsi alıcı Cavabdeh təhvil verilmiş və akt təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli NFÇK01679 nömrəli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 115,60 manat qalıq və 631,76 manat cərimə borcu yaranmış, lakin güzəşt olunaraq cərimə borcu 108,52 manat məbləğinə qədər azaldılmış və beləliklə sonuncunun cəmi 224,12 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, “Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, “Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur”. Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, “Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, “Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun”. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, “Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 14 noyabr 2019-cu il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 115,60 manat məbləğində qalıq borc və 10 manat məbləğində cərimə olmaqla, cəmi 125,60 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 115 (yüz on beş) manat 60 (altmış) qəpik məbləğində qalıq borc və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, cəmi 125 (yüz iyirmi beş) manat 60 (altmış) qəpik məbləğində borc, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 155 (yüz əlli beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti iddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar