Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-91/2024 30.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «istehlakçı hüquqlarının müdafiəsi – təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında müəyyən edilən dəymiş zərərlə əlaqədar cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 09 yanvar 2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə 31 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin təbii qazla təminatının təmin edilməsi üçün nəzərdə tutulmuş G-4 markalı, **********8 nömrəli qaz sayğacı aidiyyəti qurumun əməkdaşları tərəfindən küçədə, həyətin hasarından 2.5 kənarda ümumi qaz xəttinin borusuna quraşdırılmışdır. 03 aprel 2023-cü il tarixdə qaz sayğacında yaranmış nasazlıqla bağlı yaşadıqları mənzilin qaz təminatı kəsilmişdir. Elə həmin gün Cavabdeh İB-nin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşları ilə əlaqə saxlamış və mövcud vəziyyətlə bağlı məlumat vermişdir. Bundan sonra aidiyyəti qurumun əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğac hesablayıcı mexanizminin ilişməsi səbəbindən yenisi ilə əvəzlənərək bu barədə 03 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Daha sonra Cavabdeh İB-nin Metrologiya Departamentinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi ilə xətaların normadan artıq olması və sayğacın istismara yararsızlığı müəyyən edilmişdir. Həmçinin təbii qazın uçotu və ondan istifadə qaydalarının yoxlanılması nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin yivli birləşməsinə vurulan plombların yuvaları ətrafında əzik və cızıq izləri aşkar edilərək dəymiş ziyanın bərpası 31 iyul 2023-cü il tarixli, ******* nömrəli akt əsas götürülməklə ziyanın bərpasına dair tələbnamə ilə onun üzərinə qoyulmuşdur. Aşkar edilmiş nöqsanla bağlı özünü təqsirli hesab etməmiş və bu səbəbdən tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Hesab edir ki, Cavabdeh İB-nin Salyan RQİİ tərəfindən tərtib edilmiş ******* nömrəli akt ləğv edilməli və hesablanmış zərər məbləği ilə bağlı cərimə silinməlidir. Qeyd edir ki, hazırkı mübahisə ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsinin hüquqi fakt olaraq əsası müqavilə öhdəliklərinin icra edilməməsi və mülki hüquq pozuntuları, deliktlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh tərəfindən ondan tələb edilən zərər məbləğinin hüquqi əsası qismində mərhum atası ilə bağlanmış 23 sentyabr 2022-ci il tarixli, XS-19-00868/22 nömrəli ümumi müqavilənin 2.2.5-ci bəndi çıxış edir. Həmin bəndə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini istehlakçıdan tələb etmək qaz paylayıcısının hüququ olaraq müəyyən edilmişdir. Müqavilənin sözügedən bəndindən də göründüyü kimi, qaz sayğacında aşkarlanan nöqsanla əlaqədar onun bu barədə bilavasitə öhdəliyinin olmamasına baxmayaraq cavabdehin onu təqsirli hesab etməsi və bu halın müqavilənin 2.2.5-ci bəndinə zidd olmasını bildirməsi qanuni əsaslı deyildir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən bazarda üstün mövqe tutan tərəfin kontragentə qeyri-bərabər şərtlərlə yanaşmasıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəiik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 1-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Eyni Qanunun 11.6cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı asında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Təbii qazdan istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qanunvericilikdə imperativ müəyyən edilən tələblər tərəflərin mülahizəsincə, müqavilədə fərqli hüquqi rejimdə nəzərdə tutula bilməz. Bildirir ki, qaz sayğacı yaşadıqları mənzilin çölündə, daş hasardan kənarda təbii qazın nəql borusuna quraşdırılmış vəziyyətdədir. Sayğacın işləkliyi üçün davamlı olaraq ona gecəgündüz nəzarət etməsi qeyri-mümkündür. Bundan əlavə sayğacdakı nasazlıqla əlaqədar qaz paylayıcısına məlumat bilavasitə özü tərəfindən «Təbii qazdan istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2.7-ci bəndinə uyğun olaraq verilmişdir. Həmçinin qeyd edir ki, yaşadığı mənzilin qaz sayğacının işləkliyi ilə bağlı cavabdehlik qanunvericiliyin tələbinə görə qaz paylayıcısının üzərinə düşür. Cavabdehlik daşımadığı risk qrupuna dair təqsirliliyi isə heç nə ilə təsdiqlənmir. Hesab edir ki, müqavilə bilavasitə atası ilə qaz paylayıcısı arasında bağlansa da hazırkı situasiyada o, müqavilə münasibətlərinin davamlılığı, tələb hüququnun gözlənilən xarakter daşıması və hazırda mərhum atasının yaşadığı mənzildə ümumi təsərrüfatı idarə etməklə yaşadığı üçün iddia tələbi üzrə subyektiv hüquqa malikdir. Həmçinin qeyd edir ki, hazırda Cavabdeh İB ilə onun arasında bağlanmış 04 noyabr 2023-cü il tarixli XS-19-04874/2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə də mövcuddur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2023-cü il tarixli arayışından, həmçinin «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Məmmədov X2 rayonu, Bankə qəsəbəsi, R.Əliyev küçəsi, ev 58, mənzil 2 ünvanı üzrə daimi qeydiyyatdadır. 23 sentyabr 2023-cü il tarixli XS-19-00868/22 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilənin surətindən görünür ki, Cavabdeh İB-nin Salyan RQİİ ilə X3 arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 27 mart 2023-cü ildə ölmüşdür. Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti ilə X1 İddiaçı atası olması müəyyən olunur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2023-cü il tarixli arayışından həmçinin görünür ki, Məmmədov X2 rayonu, Bankə qəsəbəsi, R.Əliyev küçəsi, ev 58, mənzil 2 ünvanında əmlakın ümumi təsərrüfatını özü idarə edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mülki qanunvericiliyə əsasən iddiaçı qismində Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yaranmışdır. 03 aprel 2023-cü il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktın surətindən görünür ki, Qadir Məmmədovun evində quraşdırılmış «Zenner G4T» markalı, **********8 nömrəli sayğac hesab mexanizminin ilişməsi ilə əlaqədar dəyişdirilərək «Zenner G4T» markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuşdur. 31 iyul 2023-cü il tarixdə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, «ARDNŞ-nin Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə 31 iyul 2023-ci il tarixli AKT № MSK-14-2-2/3-5-5251/Q001 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış G-4 markalı **********8 nömrəli qaz sayğacına baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının yuvaları ətrafında əzik-cızıq izləri aşkar olundu. Sayğac istismara yararsızdır». «Dəymiş ziyanın bərpasına dair» 01 avqust 2023-cü il tarixli tələbnamədə qeyd olunmuşdur: «Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-5251/Q001 nömrəli rəyinə əsasən G-4 markalı **********8 №-li sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının yuvasının ətrafında əzikcızıq izləri var. Sayğac istismara yararsızdır. Mövcud sayğac qaz təsərrüfatının layihəsmeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 12 x 90 = 4320 m3, cəmi 4320 m3. Dəymiş ziyan hesablansın sayğacın dəyəri ödənilsin». 04 noyabr 2023-cü il tarixli XS-19-04874/2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilənin surətindən görünür ki, Cavabdeh İB-nin Salyan RQİİ ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh İB-nin Salyan RQİİ ilə X3 arasında bağlanmış 23 sentyabr 2023-cü il tarixli XS-19-00868/22 nömrəli, həmçinin Cavabdeh İB-nin Salyan RQİİ ilə İddiaçı arasında bağlanmış 04 noyabr 2023-cü il tarixli XS-19-04874/2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» hər iki müqavilələrin 2.3.4-cü bəndinə görə istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmiş, əksinə sayğacda nasazlığın yarandığını ehtimal edərək bu barədə Cavabdeh İBnin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşlarına məlumat vermişdir. Sayğac küçədə, açıq sahədə evin həyət hasarından bir qədər aralıda təbii qazı nəql edən ümumi qaz xəttinin borusuna quraşdırılmışdır (Bu fakt iş materiallarına əlavə edilmiş qaz sayğacının quraşdırıldığı yeri əks etdirən fotoşəkillərdən də aydın görünür). Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 (abonent №**********00000, Neftçala rayonu, Bankə qəsəbəsi, ev 875) barədə Cavabdeh tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 iyul 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərərə görə hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-91/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-91/2024
30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver