Məhkəmə qərarları › İş №e-2(054)-102/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-102/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-102/2024 14.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 14 iyun 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı xx.xx.2017-ci il tarixli, 1757-GL/17 saylı müqavilə üzrə yaranmış 7222 manat gecikdirilmiş borc, ona hesablanmış 4383,06 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 12105,06 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1757-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə cavabdehin xx.xx.2017-ci il tarixli 1757-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7222,00 manat gecikdirilmiş borcu və hesablanmış 4383,06 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 748-1.12.4ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Bundan əlavə hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi-xx.xx.2017-ci il tarixli 1757-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7 222,00 manat gecikdirilmiş borc və hesablanmış 4383,06 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 12105,06 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş ərizələri ilə cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında 1000 manat ödəniş edildiyini, həmin məbləğin cavabdehin əsas borcundan çıxıldığını bildirmiş, işə iştirakı olmadan baxılaraq 6222 manat əsas borc, 4383,06 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 11105,06 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə aralarında mübahisələndirilən müqavilədən əvvəl digər müqavilə bağlayaraq başqa texnika almış, həmin müqavilə üzrə borclarını tam şəkildə ödəmişdir. Tələb edilən 6222 manat əsas borc məbləğini qəbul edir. 4383,06 manat cərimə və 500 manat vəkilə ödənilmiş məbləğ çox şişirdilmişdir. Maddi çətinliklərlə bağlı borcunun ödənişində ləngimələr olmuşdur. Vaxt verilsə borclarını ödəyəcək. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 1757-GL/17 saylı müqavilənin (güzəşt) və ona Əlavələrin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə ilə qiyməti 3740 manat olan bir ədəd lizinq obyekti-Kotan (4 gövdəli asma təkərli) AK-4-35 və qiyməti 47250 manat olan bir ədəd Traktor Belarus-892 ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə lizinq alana təhvil verilmiş, müqaviləyə 2 saylı Əlavəyə uyğun olaraq 20022 manat ödənişin xx.xx.2017-cı il tarixdə 146 manat, xx.xx.2017-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hər rübdə 636 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək hər rübdə 482 manat olmaqla həmin tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Sənədlər lizinq verən və lizinq alan tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-22-2/2-B161378/2023 saylı pretenziyadan görünür ki, öhdəliklərin tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından və ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, 1757-GL/17 saylı lizinq müqaviləsinə əsasən 7222 manat əsas, 4383,06 manat cərimə borcu, cəmi 11605,06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur ( Azərbaycan Respublikası MM maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (Azərbaycan Respublikası MM maddə 748-1.12.4). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (Azərbaycan Respublikası MM maddə 748-1.8). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (Azərbaycan Respublikası MM maddə 748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (Azərbaycan Respublikası MM maddə 748-2.3). Qeyd edildiyi kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, 1757-GL/17 saylı lizinq müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 6222 manat əsas, 4383,06 manat cərimə borcu, cəmi 10605,06 manat borcu yaranmış, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 6222 manat əsas borc hissəsində təmin olunmalı, 4383,06 manat cərimənin (dəbbə pulu) cavabdehdən tutulmasına dair hissəsində isə aşağıdakılara əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının tələb etdiyi dəbbə pulunun əsas borca münasibətdə hədsiz yüksək olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 300 manat məbləğində təmin edilməsi ədalətli və mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşə əlavə edilmiş məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili haqqında xx.xx.2021-ci il tarixli, 1 saylı sazişdən və xx.xx.2023-cü il tarixli, 000İPX12336140F2 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh ilə bağlı iş üzrə Xırdalan şəhər vəkil bürosunun hesabına 500 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azad olduğundan və iddiaçı da həmin təşkilatlar sırasına daxil olduğundan məhkəmə hesab edir ki, cavabdehdən təmin edilmiş məbləğə uyğun olaraq 90,22 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə verilməlidir. Həmçinin yuxarıda göstərilənlərə əsasən hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 1755-GL/17 saylı lizinq müqaviləsinə əsasən Cavabdeh 6222 manat əsas, 300 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi 7022 manat (yeddi min iyirmi iki manat) və 90,22 (doxsan manat iyirmi iki qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi 4083,06 manat cərimə (dəbbə pulu) hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar