Məhkəmə qərarları › İş №e-2(054)-102/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-102/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-102/2025 10.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1294,00 manat sığorta ödənişi və 33,00 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Cavabdeh həmin Nümayəndəliyin ərazisində olmadığından məhkəmə sənədi nümayəndəlikdə saxlanılmaqla bu barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində saat 02:30 radələrində Oğuz şəhəri H.Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 320” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı mağazaya və səkiyə dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP4418622 №-li İnzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qüsur aktında göstərilmişdir ki, sığortalanmış “Mercedes Benz 320” markalı, **-MY-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1294 (bir min iki yüz doxsan dörd) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA104459/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1294 (bir min iki yüz doxsan dörd) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 1294,00 manat sığorta ödənişi və 33,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, araşdırma zamanı iş materialları ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində saat 02:30 radələrində Oğuz şəhəri H.Əliyev prospekti ərazisində Cavabdeh idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 320” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı mağazaya və səkiyə dəymişdir. Nəticədə zərər çəkmiş şəxsə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla əlaqədar X1 1294,00 manat sığorta ödənişi verilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 33,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 1294,00 manat sığorta ödənişi və 33,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin cavabdehdən 1294,00 manat sığorta ödənişi məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Yenə həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 33,00 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia tələbi təmin edilsin. Cavabdeh 1294,00 manat sığorta ödənişi və 33,00 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar