Məhkəmə qərarları › İş №e-2(054)-120/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-120/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-120/2022 14.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası, Cavabdeh X1 Aslan Eldar oğluna qarşı təbii qazın dəyərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən akt əsasında onun hesabına işlənmiş qaz sərfiyyatının və 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin təmin edilməməsi, onun tərəfindən təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 270,05 manat borc, itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 432,00 manat, əvvəlcədən ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 732,45 manat məbləğin İddiaçı tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Bayan kəndində yaşayır. 01.07.2021-ci il tarixdə Cavabdeh İB-nin tabeçiliyində olan X2 İstismar İdarəsinin Oğuz sahəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş, istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmişdir. Baxış keçirilməsinin nəticələrinə dair akt tərtib edilmiş və həmin sayğac götürülərək qaz xəttinə yeni sayğac quraşdırılmışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, guya sayğaca müdaxilə etdiyinə görə onun hesabına 4320 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 432,00 manat debitor borcu yazılmışdır. Cavabdeh tərəfindən ona göndərilmiş 28.10.2021-ci il tarixli tələbnamə ilə 4320 kub metr itirilmiş təbii qazın dəyəri olan 432,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən cəmi 4320 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 432,00 manat onun hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun barəsində verilmiş akt əsasında onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca müdaxilə edildiyinə görə itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə iddiaçıya 432,00 manat borc hesablanmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə əvvəlki sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə onun 270,05 manat borcu vardır. İddiaçı həmin məbləğləri ödəmədiyinə görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Ona görə də itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə 432,00 manat, sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 270,05 manat, 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 732,45 manat məbləğin iddiaçıdan tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında öz tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına heç bir müdaxilə etməmişdir. Sayğacın hesablama mexanizminin plasmas qapağında zədənin nə vaxt və hansı şəraitdə yaranması barədə hər hansı məlumatı yoxdur. Sayğac dəyişdirilən zaman da sayğacda hər hansı zədə, nasazlıq olması barədə ona bildirilməmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi də belə bir qüsur aşkar etməmişdir. Əgər sayğacda aşkar edilmiş qüsur çoxdan olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Onun sayğacda olan nasazlıqdan əvvəlcədən məlumatı olmamışdır. 27.10.2021-ci il tarixli akt əsasında heç bir qanuni əsas olmadan ona 4320 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 432,00 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, yaşadığı evin qaz xəttinə 22.02.2022-ci il tarixdə smart sayğac quraşdırılmış və bundan sonra o, həmin sayğac üzrə 70 manat ödəniş etmişdir. Həmin məbləğin yarısı onun əvvəlki sayğac göstəricisinə əsasən aparılmış hesabata görə sərfiyyat borcunun ödənilməsinə yönəldilmişdir. Əvvəlki sayğac göstəricisinə əsasən hesablanmış borcun qalan hissəsini də tədricən ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla öz iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbi üzrə isə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilərkən sayğacın zədələndiyi müəyyən edilmişdir. Qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir (qaz itkisi, müdaxilə). Qaz sayğacına qəsdən müdaxilə olunması və nəticədə təbii qazdan qanunsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin dəyərinin gizlədilməsinə yönəldilmiş qəsddən irəli gəlir. Ona görə də itirilmiş təbii qazın bərpası üçün aparılmış hesabat üzrə iddiaçıya 432,00 manat borc hesablanmışdır. İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə isə onun 270,05 manat borcu vardır. Qeyd olunan əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab etdiyini bildirərək həmin tələbin rədd edilməsi, qarılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 17.11.2015-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01.07.2021-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə 22.10.2021-ci il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.10.2021-ci il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair 28.10.2021-ci il tarixli tələbnamənin surətləri və abonentin saldosu ilə müəyyən edildi ki, iddiaçı Oğuz rayonu Bayan kəndində yaşayır. İddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadə ilə əlaqədar müqavilə bağlanmışdır. Cavabdeh İBnin X2 İstismar İdarəsinin Oğuz sahəsinin əməkdaşları tərəfindən 01.07.2021-ci il tarixdə Oğuz rayonu Bayan kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 01.07.2021-ci il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01.07.2021-ci il tarixli akt əsasında 28.10.2021-ci il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmişdir. İddiaçıya bildiriş-xəbərdarlıq göndərilərək itirilmiş təbii qazın dəyəri kimi 432,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Hazırki vəziyyətdə abonentin saldosunda onun cəmi 637,05 manat (itirilmiş təbii qazın dəyəri kimi və sayğac göstəricisi üzrə hesablanmış) borcunun olduğu qeyd edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş 27.10.2021-ci il tarixli akt əsasında onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbi üzrə isə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına heç bir müdaxilə etmədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Qarşılıqlı iddia tələbi üzrə isə əvvəlki sayğac göstəricisinə əsasən hesablanmış borcun bir hissəsini ödədiyini, qalan hissəsini də tədricən ödəyəcəyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən etirazda ilk iddia tələbinin əsassız hesab edildiyi qeyd edilmiş və həmin tələbin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh ilk iddia tələbinə etirazlarının, həmçinin, qarşılıqlı iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətlərini, abonentin saldosunu məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin ilk və qarşılıqlı iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Qaz sayğacına cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq hər ay baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 4320 kub metr miqdarında, yəni 432,00 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş “Abonentin saldosu”ndan da görünür ki, hazırki iş üzrə iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, cavabdehin qeyd etdiyi kimi, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının barəsində verilmiş 01.07.2021-ci il tarixli qərar əsasında onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan 432,00 manat pul tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, həmin məbləğin əsassız olaraq hesablandığı müəyyən edildiyindən və hazırki iddia tələbi üzrə 432,00 manat borcun silinməsi qərara alındığından qarşılıqlı iddia tələbinin itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan 432,00 manat pul tutulmasına dair hissəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin təbii qazdan istifadəyə görə sayğac göstəricisi üzrə hesablanmış borcla bağlı iddiaçıdan 270,05 manat pul tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğac üzrə sərfiyyat göstəricilərinə görə hesablanmış borcun hazırda da tam şəkildə ödənilmədiyi müəyyən edilmiş, iddiaçı özü də bu faktı inkar etməmişdir. Qarşılıqlı iddia tələbində təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 270,05 manat borc yarandığı qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonradan həmin borcun bir hissəsi ödənilmişdir. Abonentin saldosunda hazırda borcun cəmi 637,05 manat (itirilmiş təbii qazın dəyəri kimi və sayğac göstəricisi üzrə hesablanmış) miqdarında qeyd edilməsi də bu faktı təsdiq edir. Abonentin saldosunda qeyd edilən cəmi 637,05 manat borcun 432,00 manatdan ibarət hissəsinin itirilmiş təbii qazın dəyəri kimi hesablanmış və hazırki iddia tələbi üzrə silinməsi qərara alınmış məbləğ olması nəzərə alınmaqla, qalan 205,05 manat məbləğin sayğac göstəricisi üzrə hesablanmış borc olduğu və indiyədək də ödənilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında təbii qazdan istifadəyə görə bağlanmış bağlanmış 17.11.2015-ci il tarixli alqı-satqısı müqaviləsi əsasında istifadə edilmiş təbii qazın dəyəri iddiaçı tərəfindən cavabdehə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbinin təbii qazdan istifadəyə görə sayğac göstəricisi üzrə hesablanmış borcla bağlı iddiaçıdan 270,05 manat pul tutulmasına dair hissəsi qismən - 205,05 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbinin cavabdehdən 30,00 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İlk iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 27.10.2021-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 4320 (dörd min üç yüz iyirmi) kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432 (dörd yüz otuz iki) manat debitor borc silinsin. Qarılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 205,05 manat borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı - cəmi 235 (iki yüz otuz beş) manat 45 (qırx beş) qəpik məbləğ İddiaçı tutularaq Cavabdeh İB-nin hesabına ödənilsin. Qarılıqlı iddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar