Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-132/2023 12.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı cavabdehdən 1474 manat pul və 34,74 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair sadələşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia məbləğini qəbul etmədiyini bildirmiş, mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, həmin tarixli qərardadla işə iddia icraatında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Şəfahət Xudiyev iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələri ilə cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair işə iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Opel VECTRA” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Həmin avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində **-RR-*** dövlət qeydiyyat nişanlı İNFİNİTİ FX-35 minik markalı avtomobillə toqquşmuş, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma aparılaraq hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və həmin tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. İNFİNİTİ FX-35 minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1474 manat ödəniş edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ, yəni sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdehdən 1474 manat pul vəsaitinin və 34,74 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 18.40 radələrində olub, belə ki, Bakı şəhəri Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi Stimul dairəsində etibarnamə ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən dairəyə daxil olmuş, dairədə olan İNFİNİTİ FX-35 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onun avtomobilinin qabaq sol hissəsi sürtünmüş, irəli keçib beş dəqiqə dayanmış, sonra avtomobildə dostunun körpə uşağı və ailəsi olduğundan avtomobili sürüb getmişdir. Həmin vaxt polis əməkdaşları yolu bağlamışdılar. xx.xx.2022-ci il tarixdə onu polis şöbəsinə çağırmış və izahatını almışlar. Sonra ona 100 manat cərimə yazmışlar. Avtomobilini həbs etməsinlər deyə cəriməni ödəmişdir, lakin özünü təqsirli bilmir. Baş vermiş yol-nəqliyyat hadisəsində günahkar deyil. Onun barəsində olan inzibati xəta ilə bağlı işin araşdırılmasını istəyir. Bunun üçün ekspertiza təyin olunmalıdır. Dəymiş ziyanın azaldılmasını deyil, ümumiyyətlə ləğv edilməsini istəyir. İnzibati protokoldan və qərardan şikayət verəcək. Sığorta ondan xəbərsiz pul ayırıb, bu, düzgün deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş AE 053166 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək BC kateqoriya ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-cü il tarixli, saat 11:27-də Bakı şəhəri 48 saylı notariat ofisində qeydə alınmış ƏN-Vİ 159421 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Vectra minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ ilə Cavabdeh etibar etmişdir. İşə əlavə edilmiş AD 015120 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək B kateqoriya ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, saat 09:37-də 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində qeydə alınmış ƏN-V 289297 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 İNFİNİTİ FX-35 minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ ilə X3 etibar etmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Opel Vectra minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalı X4 adına əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə (bir şəxsə) 5000 AZN, bir hadisə üzrə 50000 AZN dəyərində sığortalanmışdır. Bakı şəhər Sabunçu DYPŞ-nin işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun və həmin tarixli, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 18.40-da Opel Vectra minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə cərimə tətbiq edilmişdir. Protokolun izahat hissəsindən görünür ki, Cavabdeh protokolla razı olduğunu yazılı şəkildə bildirmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyindən (dəymiş zərərin hesabatı) görünür ki, İNFİNİTİ FX-35 markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin ümumi dəyəri 854 manat, xidmət haqqı 620 manat, cəmi məbləğ 1474 manatdır. İşə əlavə edilmiş CML-8406/2022-AKT8983/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktının və həmin tarixli, 005XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində toqquşma nəticəsində sığorta olunmuş Opel Vectra minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İNFİNİTİ FX-35 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1474 manat zərər vurulmuş, xx.xx.2022-cu il tarixdə 1474 manat sığorta ödənişi Paşa Bank vasitəsilə zərərçəkən X5 hesabına ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ... icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında və iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi ilə X2 idarə etdiyi avtomobilə ziyan vurulmuş, habelə Cavabdeh hadisə yerindən yayınmışdır.Nəticədə cavabdeh tərəfindən İXMnin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətalar törədilmiş, o, 100 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh cəriməni ödəmişdir. Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində digər avtomobilə dəymiş 1474 manat maddi ziyan iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də iddia tələbi təmin edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 34,74 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İNFİNİTİ FX-35 markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1474 manat və 34,74 manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-132/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-132/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver